Azərbaycan və Mərakeş arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Rabatda keçirilmiş iclası çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Mərakeşin Milli Limanlar Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Bakı Limanı məlumat yayıb.
Bildirlir ki, sənədə səhmdar cəmiyyətinin Baş direktoru Taleh Ziyadov və Agentliyin Baş meneceri Nadia Laraki imza atıb.
Memorandumun əsas məqsədi iki ölkənin inkişafında limanların rolunu, strateji əhəmiyyətini nəzərə alaraq, əməkdaşlıq və tərəfdaşlıq qurmaq, möhkəmləndirməkdir.
Sənəd liman əməliyyatlarının inkişafı, liman logistikası, terminalların idarə edilməsi, infrastruktur, qabaqcıl təcrübə mübadiləsi, ətraf mühitin mühafizəsi kimi bir çox sahələrdə qarşılıqlı əməkdaşlığı inkişaf etdirməyə töhvə verəcək.