Emil Məcidov: “Zəngəzur dəhlizi Qafqazın dünya ilə tarixi əlaqəsini bərpa etməyə imkan verəcək”
Zəngəzur dəhlizinin bərpası Cənubi Qafqaz regionunu Şərqlə Qərbi birləşdirən əvvəlki roluna qaytaracaq.
“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycan eksperti Emil Məcidov “Xəzər həftəsi 2023” forumu çərçivəsində jurnalistlərə deyib.
“Zəngəzur dəhlizi vaxtilə Sovet İttifaqını Yaxın Şərqlə birləşdirən etibarlı marşrut kimi fəaliyyət göstərib. Dəhliz ilə bağlı bizim məqsədimiz pozulmuş əlaqələri bərpa etməkdir”, – E. Məcidov bildirib.
E.Məcidov qeyd edib ki, İrəvan bunu inkar etməyə çalışsa da, həmin illərdə dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsi Bakıya tabe olub.
Onun sözlərinə görə, Azərbaycan üçün Zəngəzur dəhlizinin bərpası yalnız iqtisadi zərurət deyil, həm də tarixi ədalətin bərpasıdır: “Qafqaz öz təbii vəziyyətinə qayıtmalı, dünyanın müxtəlif hissələrini birləşdirən məkana çevrilməlidir”.
E.Məcidov onu da qeyd edib ki, Azərbaycan Xəzər regionunda öz dəniz sektorunun potensialını tam reallaşdıran ilk dövlət olub: “Azərbaycan Xəzər dənizi ilə dünya neft-qaz bazarları arasında əlaqə yaradan ilk ölkə olub. O, nisbətən kiçik ərazidə beynəlxalq hava limanları şəbəkəsinin tikintisində də qabaqcıl ölkə kimi seçilir. Biz Xəzər dənizində ən böyük və ən müasir limanı tikmişik. İndi Azərbaycan Zəngəzur dəhlizinin bərpası ilə fəal məşğul olur ki, bu da Xəzər regionu üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, Xəzərin dünya iqtisadiyyatına birləşdirilməsi və inteqrasiyası məsələsində Azərbaycan lider olaraq qalmaqdadır”.