İqtisadiyyat

TDT ölkələri arasında daşımaları liberallaşdırmaq üçün bəzi kvotaların ləğv edilməsi təklif olunur

Orta Dəhlizin potensialının artırılması hədəflənir.

“Zirvə yolu” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türk Dövlətləri Təşkilatının (TDT) nəqliyyat nazirlərinin Zəngilan şəhərində keçirilmiş 7-ci iclasında bildirib.

“Dəhliz boyunca nəqliyyat infrastrukturunun genişləndirilməsi davam edir. Amma bizim sərhəd-keçid prosedurlarımız nəqliyyatdakı proseslərə qarşı kifayət qədər adekvat deyil. Biz bu problemləri həll etməliyik, xüsusilə də keçid sənədləri ilə bağlı problem həll edilməlidir. Həmin problemlərin TDT ölkələri arasında ticarətə mane olmasına imkan verməməliyik. Nəqliyyat və ticarətdəki maneələri aradan qaldırmaq, daşıma xərclərini azaltmaq üçün vahid yanaşma qəbul edib həyata keçirməliyik. Təşkilat çərçivəsində bizim ümumi maraqlarımıza uyğun olaraq daşımaları liberallaşdırmaq üçün bəzi kvotaları ləğv etməliyik”, – deyə o qeyd edib.

Nazir həmçinin Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin türk dünyasının iqtisadi inkişafı və rifahı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Biz bu xətt üzrə lazımi işləri tez bir zamanda başa çatdırmalıyıq. Digər tərəfdən, Orta Dəhlizin digər mühüm komponenti olan Xəzər dənizindən keçidin region ölkələri üçün səmərəli olmasına diqqət yetirməliyik. Logistika əməliyyatlarında problem yaradan yüksək ödənişlərlə bağlı məsələni həll edəcəyik. Əminəm ki, biz birgə səylərimizlə Xəzər dənizindən keçidləri arzuladığımız rəqabətli marşruta çevirəcəyik”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir