Məzahir Pənahov: “Seçkilərin azad və şəffaf keçirilməsi üçün Azərbaycanda demokratik mühit mövcuddur”
“Seçkilərin azad, ədalətli, şəffaf keçirilməsi üçün ölkədə hərtərəfli şərait və demokratik mühit mövcuddur”.
“Zirvə yolu”nun xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan Türkiyənin Yüksək Seçim Kurulu (YSK) sədri Ahmet Yenerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
MSK sədri Məzahir Pənahov dost və qardaş Türkiyə Respublikasından olan həmkarı, YSK sədri Ahmet Yeneri və nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, keçirilən görüşdən məmnunluğunu bildirib. Komissiyanın beynəlxalq əlaqələrindən söhbət açan M.Pənahov qeyd edib ki, seçki idarəçiliyi sahəsində qarşılıqlı təcrübə mübadiləsinə geniş imkan yaradan münasibətlərin uğurlu inkişafı olduqca sevindiricidir. Bənzərsiz dostluğu və qardaşlığı günbəgün daha da möhkəmlənən Azərbaycan və Türkiyənin ali seçki qurumları arasında mövcud olan uzunmüddətli sıx əməkdaşlıq qazanılmış nailiyyətlərdə və yaxşı təcrübələrdə mühüm əhəmiyyət kəsb edir.
Səmimi qəbula görə minnətdarlığını bildirən YSK sədri Ahmet Yener və nümayəndə heyətinin üzvləri qardaş Azərbaycanda olmaqdan, keçirilən görüşdən və MSK ilə əlaqələrin müvəffəqiyyətlə davam etməsindən şad olduqlarını söyləyiblər. A.Yener Türkiyənin seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri, tətbiq olunan institusional mexanizmlər və yüksək innovativ texnologiyalar barədə danışıb, həmçinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının da ən son nailiyyətlərindən istifadə edilməklə seçki sisteminin hazırkı inkişaf səviyyəsinə çatdırılması istiqamətində görülmüş işlərlə maraqlanıb.
MSK sədri Məzahir Pənahov qonaqların suallarını cavablandıraraq, ölkəmizin seçki sistemi, seçki qanunvericiliyinin daha da təkmilləşdirilməsi üçün həyata keçirilən layihələr barədə məlumat verib. O, son illər keçirilən seçkilərdə əldə olunan qabaqcıl təcrübəni qonaqlarla bölüşüb və bildirib ki, seçkilərin azad, ədalətli, şəffaf keçirilməsi üçün ölkədə hərtərəfli şərait və demokratik mühit mövcuddur.
Görüş çərçivəsində nümayəndə heyəti MSK-nın İnformasiya Mərkəzində də olub. Mərkəzdə qonaqlara “Seçkilər” İnformasiya Sistemi, seçkilər zamanı proseslərin şəffaflığının təmin olunmasında sistemin təkmilləşdirilmiş şəbəkə variantının və müvafiq proqram təminatlarının geniş tətbiqi barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşdə, həmçinin qurumlararası əlaqələrin daha da gücləndirilməsi imkanları, perspektivlər və maraq doğuran digər məsələlər müzakirə olunub.