İdman

Almaniyada Diaspor Boks Liqasının idman zalı və “Ana dili” məktəbi açılıb

Almaniyanın Maqdeburq şəhərində Heydər Əliyev adına Dünya Boks Komitəsinin, Diaspor Boks Liqasının idman zalının və “Ana dili” məktəbinin açılış mərasimi keçirilib.

“Zirvə yolu” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspor Boks Liqasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk olaraq Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev çıxış edib. O bildirib ki, hazırda Almaniyadakı soydaşlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əldə etdiyi parlaq qələbə sayəsində qalib xalqın diasporu kimi qürur içində yaşayır. Y.Niftəliyev Almaniyadakı icmamızın idman sahəsində daha böyük uğurlara nail olması üçün Maqdeburqdakı azərbaycanlıların rəhbərlik etdikləri müxtəlif klubları bir yumruq kimi birləşməyə çağırıb.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov yeni idman zalı və “Ana dili” məktəbindən ibarət olan növbəti Azərbaycan Evinin açılması münasibətilə Maqdeburqda və ətrafında yaşayan soydaşlarımızı təbrik edib: “Dövlətimizin bütün uğurlarının və qələbələrinin əsasında bu il 100 illiyini qürurla qeyd etdiyimiz Ümummilli Lider, Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin misilsiz xidmətləri dayanır. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Almaniyada yaşayan soydaşlarımız hər zaman Azərbaycanın nailiyyətlərini dəstəkləyir, bunu öz fəaliyyətləri ilə nümayiş etdirirlər. Ali Baş Komandanın bizə bəxş etdiyi qələbəni xaricdə yaşayan soydaşlarımız öz fəaliyyətlərində və həyatlarında uca tuturlar”.

Komitə sədri xatırladıb ki, Dünya Azərbaycanlılarının V Qurultayında dövlət başçısının soydaşlarımızın sıx yaşadığı şəhərlərdə Azərbaycan evlərinin daha intensiv şəkildə açılmasına dair xüsusi tapşırığı olub: “Biz bu tapşırığı yerinə yetiririk. Hazırda dünyanın 20-dən çox şəhərində Azərbaycan Evi fəaliyyət göstərir. İndi isə Maqdeburqda təkcə idman zalı və məktəb açılmır, eyni zamanda soydaşlarımızın bir araya gəlməsi üçün böyük bir ocaq açılır. Siz bilməlisiniz ki, Prezident İlham Əliyev övladlarımızın sağlam böyüməsi, Azərbaycan dilini, tarixini, mədəniyyətini öyrənməsi, soydaşlarımızın sağlam həyat tərzi keçirməsi, dünyanın müxtəlif ölkələrində nüfuzlu mövqelərə malik olmaları üçün bütün layihələri tam dəstəkləyir. Dövlət başçımızın dəstəyi olmasaydı, biz belə layihələri həyata keçirə bilməzdik”.

F.Muradov Maqdeburqdakı Azərbaycan Evinin açılmasında və qurulmasında əməyi olan bütün soydaşlarımıza, hər zaman xalqımıza dost münasibəti sərgiləyən ictimai xadim, Xocalı soyqırımı haqqında kitabın müəllifi Dr. Rolf Kunsa və Maqdeburq şəhər şurasının üzvü Bernd Heynemana minnətdarlığını bildirib: “Soydaşlarımızı diasporumuzun güclü olması naminə birlik və həmrəylik göstərməyə çağırıram”.

Mərasimdə Diaspor Boks Liqasının baş məşqçisi Şamil Kərimov, Dr. Rolf Kuns, boksçu Aleksandr Frank, “Odlar Yurdu” klubunun prezidenti, boks üzrə dünya çempionu Azad Əzizov və başqaları çıxış ediblər. Əlamətdar hadisə ilə bağlı soydaşlarımızı təbrik edən, xoş arzularını bildirən natiqlər onlara diqqət və qayğı göstərən Azərbaycan dövlətinə təşəkkür ediblər.

“Gənclər və uşaqlar üçün belə idman zalının və məktəbin açılması böyük nailiyyətdir. Azərbaycanın hər zaman dostu olmuşam və dostu olaraq da qalacağam”, – deyə R.Kuns vurğulayıb.

Qonaqlar idmançıların boks zalında məşqini və “Ana dili” məktəbinin ilk dərsini izləyiblər.

Qeyd edək ki, 11 ildir Almaniyanın Maqdeburq şəhərində davamlı fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsinin yarışları artıq bu il sentyabrın 1-dən nüfuzlu “BoxRec” saytındakı dünya reytinq cədvəlinə düşüb. Bu addım Ulu Öndər Heydər Əliyevin adını daşıyan kəmərlərin bütün dünyada tanıdılması məqsədilə atılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir