Gələn il ibtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyası həyata keçiriləcək.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədr müavini, İdarə Heyətinin sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Kamran Rəsulov qurumun təşkilatçılığı ilə keçirilən “Ümumtəhsildə Davamlı Keyfiyyət Təminatı beynəlxalq elmi-praktik konfransda məlumat verib.
Onun sözlərinə görə, ümumtəhsilin təşkili və idarə olunmasında təcrübəli şəxslərdən ibarət inspeksiya komandası formalaşdırılıb: “Ümumtəhsil müəssisələrində keyfiyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlara 2024-cü ildə ibtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiyası həyata keçiriləcək. Tətbiqinə ilk dəfə başlayacağımız bu proqram akkreditasiyası üzrə məhz ibtidai sinif müəllimlik ixtisasından başlamağımız ölkədə xüsusilə bu ixtisasın priotet kəsb etdiyinin göstəricisidir”.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib ki, son illərdə ölkədə üç mindən çox məktəb tikilib, təhsil müəssisələrində şagirdlərin kompüter təminatı üçün işlər görülüb: “MİQ, sertifikasiya imtahanları təhsilin keyfiyyətinə yüksək təsir göstərib. Bu il 86 məktəbin növbəti dövr üçün inkişaf xətti planı hazırlanıb, ilin sonunadək bu rəqəmin 100-ə çatdırılması nəzərdə tutulub”.
Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev deyib ki, son üç ildə məktəblərdə aparılmış monitorinqlər 300 min şagirdi və 18 min təhsil verəni əhatə edib, monitorinq ümumilikdə 248 məktəbi əhatə edib: “Bakı şəhəri üzrə 181, Abşeron-Xızı RTİ üzrə 23, Gəncə – Daşkəsən RTİ üzrə 14, Quba-Xaçmaz RTİ üzrə 7, Dağlıq Şirvan RTİ üzrə 7, Şəki-Zaqatala RTİ üzrə 4, Şirvan Salyan üzrə 2, Mərkəzi Aran üzrə 1 məktəbi əhatə edib. İlin sonuna qədər monitorinq aparılacaq dərs sayının 9 minə çatdırılması hədəflənir”.