Azərbaycan Prezidenti: “Fransa Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir”
“Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir”.
“Zirvə yolu” xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində yer alıb.
“Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır. Eyni zamanda Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər edir. Fransa Beynəlxalq Ədalət Məhkəməsinin Sakit Okeanda keçirdiyi nüvə sınaqları ilə bağlı qərarlarını yerinə yetirməli, başqa dövlətlərə dərs keçmək praktikasına son qoymalıdır”, – müraciətdə qeyd olunub.