Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
“Zirvə yolu” xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
– Hörmətli Şavkat Miromonoviç, hörmətli qonaqlar, sizi yenidən görməyimə çox şadam.
Biz bu ay Özbəkistanda görüşmüşük və bu gün təmaslarımızı davam etdiririk. Biz o qədər tez-tez görüşürük ki, hətta bir-birimizdən ayrılmadığımız təəssüratı yaranır. Əlbəttə, bu, çox xoşdur. Mənim Özbəkistana səfərim və Sizin Azərbaycana dövlət səfəri zamanı biz Sizinlə elə bu cür də danışmışdıq ki, tez-tez görüşəcəyik, bu, ölkələrimiz və xalqlarımız üçün faydalı olacaq. Zənnimcə, cəmiyyətlərimiz də bütün bunları aydın şəkildə görür. Prezidentlərin qardaşlığı, komandaların üzvlərinin qarşılıqlı fəaliyyəti və ən əsası – nəticə. Nəticələr artıq görünür. Biz Sizinlə iqtisadi, ticari, sənayenin inkişafı və kooperasiya üzrə çox iddialı plan müəyyən etmişik və hamısı yerinə yetirilir. Sizinlə razılaşdığımız kimi, biz müntəzəm olaraq tapşırıqların icrasına nəzarət edirik, hələ ki, öz tərəfimizdən heç kimə irad tutmamışıq. Srağagün SPECA-ya üzv ölkələrin sərgisi ilə tanış olduqda və Sizin hörmətli nazirlə Özbəkistan stendini bir daha ziyarət etdikdə, mən öz səfərim zamanı Daşkənddə şahidi olduqlarımı, məhz Sizin yaratdığınız sənaye gücünü yenidən gördüm və xatırladım.
Bu gün biz kooperasiya çərçivəsində, qarşılıqlı investisiyalar çərçivəsində, mahiyyətcə, həmçinin özümüzü təmin etməyə və ixraca istiqamətlənmiş birgə istehsalı yaradırıq. Bütün istiqamətlər üzrə fəal iş gedir. İli ikitərəfli münasibətlərin yaxşı nəticələri ilə başa vururuq, əlbəttə ki, növbəti ildən də yeni nəticələr gözləyirik.
Bir daha xoş gəlmisiniz.
Sonra Prezident Şavkat Mirziyoyev çıxış edərək dedi:
– Çox sağ olun. Sizi bir daha gördüyümə, görüşməyimə şadam. Həqiqətən mən də çox sevinirəm. Siz düzgün qeyd etdiniz ki, bu il bizim üçün çox zəngin il olub. Mən üçüncü dəfədir ki, Azərbaycana gəlirəm, çünki Siz doğru qeyd etdiniz, biz Sizinlə razılaşmışıq ki, görüşlərimiz çox olduğu üçün nəticələr də çoxdur. Xalqlarımız da ölkələrin liderləri arasında belə səmimi, etimada əsaslanan çox yaxşı münasibətlərin olduğu zaman, əlbəttə, nəticənin də olmasını görürlər. Beləliklə, bir daha Azərbaycanda, gözəl Bakıda olmağıma şadam. Özümü evimdəki kimi hiss edirəm. Hava da elə bizdəki kimidir. Dünən mən tez gəldim, ətrafı seyr etdim və mənim üçün çox xoş oldu.
x x x
Görüşdə ölkələrimiz arasında əlaqələrin hərtərəfli dinamik inkişafından məmnunluq ifadə olundu, dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd edildi. Özbək xalqı adından Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəb binasının inşasına görə minnətdarlıq bildirildi.
SPECA-nın 25 illiyinə həsr olunan Zirvə görüşünün önəmi, eləcə də Azərbaycanın və Mərkəzi Asiyanın geosiyasi, iqtisadi və siyasi baxımdan vahid məkan olduğu vurğulandı.
İqtisadi-ticari əlaqələrinin müxtəlif sahələrdə, həmçinin yeni əməkdaşlıq istiqamətlərində genişləndirilməsi ilə bağlı konkret layihələr müzakirə edildi.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri qeyd olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.