Muxtar Babayevin diqqətinə: Yardımlı meşələrinin kütləvi məhvi ilə bağlı göndərilən yoxlama nəticələri azaldır (VİDEO)
Yardımlı rayonunda meşələrin kütləvi şəkildə məhv edilməsi ilə bağlı xəbər vermişdik.
Bildirmişdik ki, 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyliyinin 2 saylı dolayında meşəni son bir neçə həftədə talan ediblər. Həmin dolay noyabrın əvvəlindən gözətçisiz qalıb. Bundan sonra ağac kəsilməsi daha da artıb.
Ağacların heç birinin isə damğası olmayıb. Kənd sakinlərdən biri deyib ki, 2 gün əvvəl idarədən gəlib ağaclara damğa vurublar.
6 ay öncə isə yuxarıda adı keçən dolayda təhvil-təslim zamanı 200-ə yaxın ağaca damğa vurub, ancaq akt tərtib etməyiblər. Həmin dolayın bu özbaşınalığa tab gətirməyərək işdən çıxan gözətçisi belə deyib.
İndidə idarə həmin meşəyə işdən çıxarılan gözətçini gətirib məsələni ört-basdır etməyə çalışır.
Həmçinin rayonun Ləzir kəndinin meşələrində yüzlərlə cavan ağac kəsilmə sahəsi olmadan meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilib, UAZ markalı avtomobillərlə daşındığı iddia olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırma gedir.
AzToday.az-ın əldə etdiyi məlumatlarda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yayılan görüntülərlə bağlı yoxlamaları yerli ekologiya idarəsinin rəhbərliyinin məsuliyyətini azaltmaq məqsədi ilə keçirilir. Belə ki, yoxlamaya cəlb olunan şəxslərin yerli ekologiya idarələrinin işçisi olması fonunda ağacların kütləvi kəsilməsi və işlik materiallar üçün cavan toğaların kəsilməsi faktları rəsmiləşdirilmir.
Yardımlı rayonun Ləzir kəndində xırda təsərrüfatla məşğul olan Əli Quliyev AzToday.az-a açıqlamasında bildirib ki, yoxlama kiçik bir meşə ərazində aparılıb. Və 56 iri diametrli ağacın kəsilməsi faktı qeydə alınsa da, sənəddə 50 ağac qeyd olunub. Həmçinin, iri diametrli ağacların ölçüləri azaldılıb. Məqsəd baş verən ekoloji cinayəti cərimə yazmaqla pərdələməkdir: “Təkcə bir kəsilən ağacın cəriməsi 2 min manatdan yuxarı edər. Yoxlama isə 56 ağaca görə cəmi 3 min cərimə yazmaq fikrindədir. Görünür, yoxlamaya gələnlərin də maraqları təmin olunub”.
Nazir Muxtar Babayevə səslənən Əli Quliyev hesab edir ki, Ləzir meşələri başda olmaqla ətrafdakı bütün dolaylarda kütləvi qırıntılar bir-bir yoxlanılmalıdır: “Yoxlamaları 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyinə yaxın şəxslər yox, nazirlikdən gələn əməkdaşlar aparmalıdır. Biz bunu Muxtar Babayevdən xahiş və tələb edirik. Əks halda Korrupsiya İdarəsi başda olmaqla başqa hüquq-mühafizə orqanlarından 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi ilə bağlı araşdırma başlanılmasını istəyəcəyik. Meşələrimiz bir qrup “mafioz” ekologiya işçisi tərəfindən məhv edilir. Materiallar sexlərə daşınır. Kənd sakinlərinin isə meşələrə girişi qadağan olunub”…
Göründüyü kimi, meşə mafiyasının 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzində təmsil olunan şəxsləri Muxtar Babayevə belə meydan oxumaqdadır. Əks halda meşələrin vəhşicəsinə məhv edilməsi ilə bağlı başlanılan yoxlamaların nəticələri saxtalaşdırılmazdı…
AzToday.az