Bakılı oliqarx uşaqlarının “Sea Breeze”dəki kütləvi davası ilə bağlı 3 cinayət işi başlanıb – TƏFƏRRÜAT
Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə Elmir Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə, Məhəmməd Natiq oğlu Həsənzadə və Murad Məzahir oğlu Əhmədlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Musavat.com xəbər verir ki, ittihama görə, müttəhimlər bu ilin yayında “Sea Breeze”də kütləvi davada tərəf olublar. İş üzrə iki zərərçəkən var – Cavad Vahid oğlu Muradov və Elnur Leysan oğlu Məmmədov.
Təqsirləndirilən şəxslərdən Murad Əhmədli barəsində həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilib. Buna səbəb isə Murad Əhmədlinin olay baş verən zaman Sumqayıt məktəblərindən birində 10-cu sinifdə təhsil alması olub. Murad Əhmədli hazırda 11-ci sinifdə oxuyur. O, özü olayla bağlı heç nə danışmaq istəmir. Bircə onu deyir ki, məhkəməyə gəlib-getdiyi vaxtlarda əlavə məşğələlərə qatıla bilmir, bu səbəbdən də təhsilində geriləmə var. Yaxınları da deyir ki, Murad Əhmədli mübahisə baş verərkən sadəcə ərazidə olub, hər hansı bir davada iştirak etməyib.
Ötən yazıda məlumat vermişdik ki, baş vermiş olayla bağlı daha bir cinayət işi araşdırılır.
Noyabrın 24-də keçirilən məhkəmə prosesində aydın olub ki, hazırda araşdırıma predmeti olan işdən əlavə, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində 1 deyil, daha 2 cinayət işi istintaq olunub. Həmin cinayət işlərindən biri artıq Sabunçu Rayon Məhkəməsinə daxil olub. İstintaqı davam edən digər iş üzrə 6 nəfər axtarışdadır.
Hazırkı iş üzrə Cavad Muradov zərərçəkən olsa da, məhkəməyə daxil olan iş üzrə təqsirləndirilən şəxsdir. Buna görə də o, hazırda həbsdədir, məhkəməyə də istintaq təcridxanasından gətirilir. Onunla birgə zərərçəkən skamyasını bölüşən Elnur Məmmədova gəldikdə isə, o, azadlıqdadır. Bu günə qədər iş üzrə keçirilən 3 hazırlıq və 5 prosesdən yalnız birinə qatılıb.
Ötən prosesdə hakim Mirheydər Zeynalov Elnur Leysan oğlu Məmmədovun növbəti – yəni noyabrın 24-nə təyin olunan prosesə qatılmayacağı təqdirdə barəsində tədbir görüləcəyini, məhkəmədə iştirakının təmin ediləcəyini demişdi.
Elnur Məmmədov sonuncu iclasa da qatılmadı. Hakim isə onun barəsində hər hansı bir qərar qəbul etmədi. Proses təqsirləndirilən şəxslərdən Məhəmməd Həsənzadənin istifadəsində olan telefon anten məlumatlarının alınması üçün mobil xidmət operatoruna sorğunun göndərilməsinin müzakirəsi ilə davam etdirildi.
Hakim Məhəmməd Həsənzadəyə dəqiqləşdirici sual verdi:
– Məhkəmədə belə aydın oldu ki, sən hadisə olanda orada olmamısan?
– Xeyr, mən hadisə olanda orada olmamışam, ora gələndə mübahisə bitmişdi.
– Səni ora Elmir zəng edib çağırmışdı?
– Xeyr, mən ora özüm gəlmişdim.
Elmir İsmayılov söz istəyərək bildirdi ki, həmin gün o, “Sea Breeze”ə qardaşı Elgünü zəng edərək çağırıb:
– Mən Məhəmmədə zəng eləməmişəm. Qardaşım ora gələndən sonra Elnur Məmmədov yenə də söyüşləri davam etdirib, sonrası da bəllidir…
Hakim sorğunu mobil xidmət operatoruna göndərdiyini, növbəti prosesə qədər sorğuya cavab veriləcəyini elan edib. Bundan sonra təqsirləndirilən şəxslərdən üçünün – Elmir İsmayılov, Peyman Vəlizadə, və Məhəmməd Həsənzadənin vəkillərinin müvəkkilləri barəsindəki həbs qəti imkan tədbirinin həbslə əlaqəli olmayan tədbirlə dəyişdirilməsinə dair vəsatətlərinin müzakirəsi ilə davam etdirildi. Müzakirələrdən sonra müşavirə otağına yollanan hakim az sonra geri dönməklə vəsatətlərin təmin olunmadığını elan etdi.
3 cinayət işinin başlanması ilə nəticələnən “Sea Breeze”dəki mübahisə hazırda zərərçəkmiş şəxs olan Elnur Məmmədovun təqsirləndirilən şəxs Elmir İsmayılovun ünvanına söyüş söyməsindən qaynaqlanıb. Belə ki, Elnur qohumu Vüqar Tağıyev, uşaqlıq dostu Cavad Muradov və 3 xanımla birgə restoranda olublar. Həmin zaman Elmir İsmayılov dostları ilə birgə yaxınlıqdakı masada əyləşiblər. Vüqar Tağıyev Elmir İsmayılovu əvvəldən tanıdığından onu özünün olduğu masaya dəvət edib. Vüqar Tağıyevin dəvətini qəbul edən Elmir İsmayılov əlində qədəh masaya yaxınlaşıb, süfrə ətrafında olanlarla salamlaşıb. Bu zaman spirtli içkinin təsiri altında olan Elnur Məmmədov onun ünvanına nalayiq söyüşlər işlədib. Bu hal bir neçə dəfə təkrarlanıb. Bu zəmində Elmirlə Elnurun arasında mübahisə yaranıb. Sonradan restorandan çölə əlini yumağa çıxan Elmirlə Elnurun arasında mübahisə yaranıb, digərlərinin də qoşulması ilə mübahisə kütləvi hal halıb.
Xatırladaq ki, bu ilin yayında baş verən hadisə ilə bağlı həmin zaman yayılan rəsmi məlumatda qeyd olunurdu ki, iyunun 12-də “Sea Breeze Resort” istirahət mərkəzində kütləvi dava baş verib. 1 gün sonra xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub. Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb. Rəsmi məlumatda saxlanılanların kimliyi, dava tərəfləri haqda isə hər hansı bir bilgi verilməyib. Kütləvi davanın əsas tərəfləri kimi sabiq nazir Yavər Camalovun qardaşı oğlu Elmir Camalov və o zamanlar vəzifədə olan Leysan Məmmədovun oğlu Elnur Məmmədov qeyd edilirdi. Bildirilirdi ki, həmin axşam ərazidə Jah Khalib-in konserti və Çempionlar Liqasının onlayn translyasiyası keçirilib. Olay zamanı hətta Elmir Camalovun bıçaq xəsarəti alması xəbəri də vardı. Olaydan sonra bu iki şəxs də daxil olmaqla, 8 nəfər saxlanılmışdı. Bu davanın videogörüntüləri də sosial şəbəkələrdə yayılmışdı. Məhkəmə qarşısına çıxarılan təqsirləndirilən və zərərçəkənlər arasında Elmir Camalov yoxdur. Amma Camalovlarla qohumluq əlaqəsində olan Elmir İsmayılov təqsirləndirilən şəxs statusundadır. Elmir İsmayılov Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri olmuş Üzeyir Ərəstun oğlu İsmayılovun oğludur. Üzeyir İsmayılov sabiq nazir Yavər Camalovun qardaşı, iş adamı Əlikram Camalovun kürəkənidir. Elmir İsmayılovun adı mətbuatda əvvəllər də hallanıb.
2020-ci ilin iyununda mətbuatda “Bakıda iki cangüdənlə gəzən tələbə kimdir?” sərlöhvəli yazı tirajlanmışdı. Həmin yazıda Elmir İsmayılovdan bəhs olunurdu. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan və 2 maşın cangüdənlə gəzən Elmir İsmayılovun bahalı maşın həvəskarı olduğu, hətta Bakı küçələrində sürətlə avtomobil sürməkdə ad çıxardığı iddia edilirdi.
Bloger Həbib Müntəzir məmur oğlunun avtomobil kolleksiyasına daxil olan maşınların bir neçəsinin marka və dövlət qeydiyyat nişanları haqda da məlumat yaymışdı.
– “Mercedes GL-Class 63” markalı, 90-ZZ-009 avtomobil
– “Porsche Panamera” markalı, 90-ZZ-009 nömrəli avtomobil
– “Toyota Camry” markalı, 10-AD-011 nömrəli avtomobil
– “Mercedes S63 AMG” markalı, 90-ZZ-009 nömrəli avtomobil
– “Mercedes-Benz Gelandewagen” markalı, 90-OZ-009 nömrəli avtomobil.
Blogerin yazdığına görə, Elmirin əmisi Üveysi İsmayılov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavinidir:
“Ölkədə mərmər monopoliyasına nəzarət edir. Üveysi İsmayılov Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 26 a saylı binanın yaxınlığında 3 mərtəbəli 260 kvadratmetrlik kommersiya obyekti tikdirib. O, keçmiş baş prokurorun müavini Rüstəm Usubovun kürəkənidir”.
İş üzrə iki zərərçəkəndən biri olan Elnur Məmmədovun nə işlə məşğul olması barədə məlumat olmasa da, atası Leysan Məmmədovun son iş yeri Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini postu olub. Leysan Məmmədov bu ilin aprelində vəzifəsindən ayrılıb.