“Səbail” komandasının qol seriyası qırılıb.
“Zirvə yolu” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasında mövsümün ilk 13 oyununda meydanı qolsuz tərk etməyən “dənizçilər” “Kəpəz”in qapısına yol tapmayıb.
XIV turun matçı qolsuz heç-heçə ilə başa çatıb.
Bakılılar əvvəlki 13 görüşdə 22 qola imza atıb. Paytaxt klubu mövsümün startındakı qollu oyunlar sayında son 23 mövsümün rekordunu təkrarlayıb.
“Neftçi” 2018/19, “Zirə” 2021/22, “Qarabağ” 2022/23 mövsümündə ilk 13 görüşü qol vurmadan tərk etməyib.
Ölkə çempionatlarının 31 illik tarixində yalnız iki komanda daha uzun seriyaya malik olub. “Kəpəz” 1993/94, “Neftçi” 2000/01 mövsümlərində startda ardıcıl 14 oyunda qol sevinci yaşayıb. Tarixin 3-cü nəticəsinə şərik olan “Səbail” bu rekordun bir addımlığında dayanıb.