Azərbaycan Ticarət Evinin Dubay filialı bu il mayın 10-dan yeni məkanda fəaliyyətə başlayıb.
Ticarət evinin Dubayın mərkəzində “Marina Walk” turizm və ticarət məkanında fəaliyyət göstərməsi Azərbaycan məhsullarının daha geniş auditoriyaya tanıdılmasına və satış imkanlarının daha da artmasına imkan verir.
Bu barədə “Zirvə yolun”a açıqlama verən ticarət evinin icraçı direktoru Şahmar Kərimov bildirib ki, obyekt 300 kvadratmetrə yaxın sahəni əhatə edir.
“Ticarət evində 20-dən çox şirkətin istehsalı olan 600-dən çox çeşiddə meyvə, tərəvəz, ət, süd, quru qidalar və sair məhsullar var. Bu məhsullar Azərbaycandan Dubaya gətirilir və Azərbaycan Ticarət Evində satılır. Ticarət evinin məhsullarının tanıdılması üçün müəyyən işlər görülür. Yerli market şəbəkələri ilə Azərbaycan məhsullarının satışı, tanıdılması istiqamətində danışıqlar aparılır”, – deyə o qeyd edib.
Ş.Kərimov əlavə edib ki, ticarət evi Dubayda keçirilən tədbirlərə, sərgilərə, forumlara qatılır, burada işgüzar görüşlər həyata keçirir: “Tədbirlərə qatılan şirkətlərin daxili və regional fəaliyyətini öyrənir, birlikdə görülə biləcək işləri müzakirə edirik. Bu ay sərgi və beynəlxalq tədbirlər daha çox oldu. Dubayda Beynəlxalq Qida Sərgisi keçirildi, “Xəzər Həftəsi Forumu 2023” təşkil olundu və orada iştirak etdik, şirkətlərlə əməkdaşlıq məsələlərini müzakirə etdik. Noyabrın 27-29-da Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilmiş Beynəlxalq Qida Sərgisində öz stendimizlə təmsil olunduq. Məqsəd yerli şirkətlərlə əməkdaşlıq əlaqələri qurmaq, məhsullarımızı tanıtmaq və daxili bazarda tələbatın çox olduğu məhsulları araşdırmaqdır”.