Azərbaycandan Gender Hub Azərbaycan təşkilatı Asiya İnkişaf Bankının təsis etdiyi Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində CAREC Gender Bərabərliyi mükafatının qalibi olub.
“Zirvə yolu” xəbər verir ki, bu mükafatın qalibi olan 10 ölkədən 11 şəxs və təşkilat 29 noyabr tarixində Gürcüstanın Tiflis şəhərində keçirilən mükafatlandırma mərasimində bir araya gəlib.
CAREC Gender Bərabərliyi Mükafatı şəxslərin, eləcə də CAREC üzv ölkələrindəki (Azərbaycan, Çin Xalq Respublikası, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan) təşkilatların səylərini və nailiyyətlərini qiymətləndirmək məqsədi daşıyır.
Mərasimdə Gender Hub Azərbaycan təşkilatının həmtəsisçisi və icraçı direktoru Məryəm Məcidova iştirak etmiş və mükafatı təşkilat adına almışdır. Gender Hub Azərbaycan təşkilatı ilə yanaşı, Gürcüstan, Qırğızıstan, Çin və digər Asiya ölkələrinin nümayəndələri iştirak edib.
200 müraciətçi arasından münsiflər heyəti tərəfindən seçilmiş 11 qalib şəxsə və təşkilata mükafatlar təqdim olunub. Mükafatın qalibləri CAREC tərəfindən təşkil olunacaq tədbirlərdə iştirak etmək, şəbəkələşmək imkanı əldə edəcək, liderlik üzrə kouçinq və mentorluq proqramlarından yararlanacaqlar.