Cəmiyyət

AZZA-dan şikayət var: “Dedilər ki, bizə heç kim heç nə edə bilməz”

Kərimzadə Nihad Elman oğlu Bakının məşhur mağazalar şəbəkəsi olan AZZA-dan şikayətçidir.

Onun sözlərinə görə, 2022-ci ilin martından AZZA-da işə başlayıb və həmin dövrdən etibarən əmək, istirahət hüququ mütəmadi olaraq pozulub. Şikayətçinin Dövlət Əmək Müfəttişliyinə ünvanladığı məktubdan da görünür ki, işlədiyi müddətdə dəfələrlə onunla bağlanan əmək müqaviləsinin işçidə qalmalı olan nüsxəsini istəsə də, rəhbərlik müqavilənin nüsxəsini ona verməkdən yayınıb:

“Məni audit vəzifəsinə qəbul etdiklərini demələrinə baxmayaraq, daha sonra əslində nəzarətçi vəzifəsinə işə qəbul edildiyimi öyrəndim. Bununla bağlı birbaşa tabe olduğum rəhbərlik-Teymur Oruca müraciət etdiyim zaman mənə sistemdə yanlışlıq olduğu və vəzifəmin dəyişdiriləcəyi bildirildi. Ancaq bu “səhv” aradan qaldırılmadı, mənə bildirildi ki, işdən azad ediləcəyim halda mənə audit vəzifəsində işlədiyimə dair sənəd təqdim ediləcək. Halbuki bu, Əmək Məcəlləsi ilə qadağandır”.

Şikayətçinin sözlərinə görə, hüquqlarının pozuntusu bununla da bitməyib:

“AZZA-da mən də daxil olmaqla əməkdaşlar 8 saatlıq iş rejimindən daha artıq işlədilir, ancaq əlavə işə cəlb olunduğum saatların əmək haqqı ödənilməyib. Bu da Əmək Məcəlləsinin 165-ci maddəsinin pozulmasıdır. Məsələn, bu ilin 14 sentyabrında 2 saat, 15 sentyabrda 2 saat 24 dəqiqə, 16 sentyabrda isə 3 saat 24 dəqiqə əlavə işləmişəm. Bu zaman mənimlə birlikdə ümumilikdə 20-yə yaxın əməkdaş işləyib. Bu da əmək qanunvericiliyinə ziddir. Çünki Əmək Məcəlləsinin 100-cü maddəsinə əsasən, iki gün dalbadal gələn iş günündə işçi ümumi olaraq 4 saatdan artıq əlavə işə cəlb edilə bilməz. Mənim isə əmək hüququmun pozulmasını yuxarıdakı bir nümunə isə təqdim etdim”.

Şikayət məktubunda o da bildirilir ki, məzuniyyət pullarının ödənilməsində də qanunsuzluğa yol verilib və əmək qanunvericiliyi dəfələrlə pozulub:

“AZZA-da əməkdaşlar iş günü olmayan bayram, istirahət, ümumxalq hüzn günü də heç bir əlavə ödəniş olmadan adi iş günü kimi işə cəlb edilib və bununla da Əmək Məcəlləsinin 164-cü maddəsi pozulub. Bununla bağlı şikayətimizi bildirdikdə, mənə kadrlar şöbəsinin qapısını göstərdilər. Əvvəlki rəhbərim Teymur Orucun yerinə gələn Zaur Aslanov da əməkdaşların hüquqlarını pozmaqla yanaşı, hətta mənə hədə-qorxu da gəlib. Orada işlədiyim müddətdə Əmək Məcəlləsinin 224-cü (Sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi), 195-ci (Ödənişlərin düzgün müəyyən edilməməsi, əsassız və qanunsuz olaraq verilməməsi), 69-cu (İşçiyə hədə-qorxu gəlinməsi) maddələri də pozulub”.

Onun iddiasına görə, əmək qanunvericilyinin pozulması bununla da yekunlaşmır. İşçi ilə bağlanan müqavilədə bədbəxt hadisə, peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbarı sığorta təmin olunmayıb, bu barədə əmək müqaviləsində müvafiq bənd əksini tapmayıb.

Şikayətçi bildirib ki, AZZA həmçinin 18 yaşdan aşağı içilərin də hüquqlarını kobud şəkildə pozub:

“18 yaşdan aşağı uşaqlar gecə növbəsinə işə göndərilir, iş saatlarından əlavə işə cəlb edilir, əmək təhlükəsizliyi, ümumiyyətlə, qorunmur. Bu yaş qrupunda olan əməkdaşlar yük maşınlarından palet dolu yeşikləri əllə boşaltmağa vadar edilir, halbuki bu iş xüsusi avadanlıqla həyata keçirilməlidir. Bunu təsdiq edən foto-videogörüntülər məndə var və araşdırıla bilər”.

N.Kərimzadə bildirib ki, əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra onunla olan müqavilə yenilənməyib:

“Bundan sonra mənə “Get, kimə şikayət edirsən et, bizə heç kəs heç nə edə bilməz” deyildi. Bütün yuxarıda göstərdiyim faktları nəzərə alaraq müvafiq dövlət qurumlarından AZZA ASC-nin direktoru Rüstəm Gərəkməzli, kadrlar şöbəsinin müdiri Margit Boloton, eləcə də Zaur Aslanov barədə qanunvericiliyə uyğun tədbirlər görülməsini xahiş edirəm”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırdır.

Bakufakt.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir