Bu gün Böyük Qayıdış proqramı çərçivəsində Laçının Zabux kəndinə qayıdan ailələr yeni evlərinin açarlarını təhvil alıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Belə ki, 36 nəfər olmaqla 9 ailə Bakıda, 10 nəfər olmaqla 3 ailə Sumqayıtda, 16 nəfər olmaqla 4 ailə Abşeronda, 4 nəfər olmaqla 1 ailə Mingəçevirdə, 20 nəfər olmaqla 6 ailə Bərdədə, 4 nəfər olmaqla 1 ailə Lənkəranda, 2 nəfər olmaqla 1 ailə isə Ağcabədidə məskunlaşmış keçmiş məcburi köçkün ailəsinin yurd həsrəti sona çatıb.
Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, hüquq-mühafizə orqanlarının, kənd icra nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alaraq evlərində məskunlaşıblar.
17:30
Səhər saatlarında Bakın şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonunun Zabux kəndinə çatıb.
“Report” xəbər verir ki, daha 25 ailə – 92 nəfər yurda çatıb.
Xatırladaq ki, indiyədək Zabux kəndində 146 ailənin, yəni 568 nəfərin daimi məskunlaşması təmin edilib.
06:33
Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.
Oxu.Az-ın məlumatına görə, dekabrın 15-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 25 ailə (92 nəfər) Zabux kəndinə yola salınıb.
Xatırladaq ki, bu gün köç edənlər də nəzərə alınmaqla ümumilikdə Zabux kəndinə 146 ailə (568 nəfər) köçürülüb.