Cəmiyyət

“Xaçmaz Aqropark” Qazi atasına qarşı… – “Psixi pozuntusu olan oğluma necə başa salım ki…”

Xaçmazın Sayad kənd sakini Həzi Axundov “Xaçmaz Aqropark”dan qanunsuz olaraq işdən azad edildiyini deyir.

Meydan TV-yə müraciət edən Həzi Axundov bildirib ki, ailədə yeganə işləyən odur. Oğlu Ümid Axundov Qarabağ Müharibəsində döyüşlər zamanı yaralanıb, qapalı kəllə-beyin travması nəticəsində üstəlik əsəb xəstəliyinə tutulub. Maştağa qəsəbəsində yerləşən Ruhi-əsəb Xəstəxanasında müalicə alıb, hazırda müalicəsi müxtəlif xəstəxanalarda davam etdirilir. Onun dolanışığını, ehtiyaclarını da Həzi Axundov ödəyir. Bu səbəbdən işsiz qaldığı üçün çarəsiz vəziyyətdədir.

“Xaçmaz Aqropark” 2021-ci ildən fəaliyyətə başlayıb. Axundov bildirib ki, müəssisə əvvəllər “Real İnkişaf” MMC adı ilə fəaliyyət göstərib.

“2017-ci ildən MMC-nin baş mühasibi kimi çalışmışam. Aqropark yaradılandan sonra mühafizə xidmətinin rəhbəri vəzifəsinə keçirildim. 21 aydan sonra, bu ilin avqustun 4-də müqavilə müddətinin bitməsi səbəbi ilə işdən azad edildim. Rəhbərlik dedi ki, müqavilənin müddətini uzatmaq istəmirlər”,-şikayətçi deyib.

H.Axundovun sözlərinə görə, aqroparkın insan resursları şöbəsi ilə, eləcə də rəhbərliklə görüşüb. Ona müqavilənin uzadılmamasının səbəblərini izah etməyiblər:

“Aqropark kəndimizdə yerləşir, bu baxımdan gediş-gəliş üçün əlverişlidir. İkincisi, evimdə əsəb xəstəsi olan qazi var. Doğrudur, dövlət onun müalicəsini təmin edir. Lakin tək müalicə ilə iş yekunlaşmır, onun yemək və digər xərcləri qarşılanmalıdır. Həyat yoldaşım və xəstə anam da himayəmdədir. Kreditlərim var, ödəyə bilmirəm”.

H.Axundov deyir ki, oğlunun və ailəsinin vəziyyəti ilə bağlı aqroparkın rəhbərliyinə məlumat verib. Ona bildiriblər ki, oğlu dövlət üçün döyüşüb, tələbini də konkret olaraq dövlətə yönəltməlidir.

“51 yaşındayam, bu yaşdan sonra iş tapmaq çətindir. Mənə təklif edirlər ki, 10 kilometr uzaqda yerləşən sahədə qarğa qovum, aylıq məvacibi 350 manatdır. 30 il baş mühasib işləmişəm, işimdə peşəkaram. Öz kəndimdə iş yoxdur, amma kənardan işçi gətirilir. Hazırda günəmuzd mal-qaraya baxmaqla dolanıram. Psixi pozuntusu olan uşağa necə başa salım ki, sənin gündəlik çəkdiyin siqareti almağa imkanım çatmır?”,-Axundov deyib.

Şikayətçi hesab edir ki, bölgələrdə baş verənlərdən ölkə başçısının, Birinci vitse-prezidentin məlumatı yoxdur. Əmindir ki, Prezident bilsə qazi atasının bir çörəyə möhtac qoyanlara qarşı tədbir görər.

“Xaçmaz Aqropark”ın insan resursları şöbəsinin rəhbəri Eldar Kərəmov Meydan TV-yə deyib ki, Həzi Axundova işdən çıxarılma səbəbləri izah edilib. Eldar Kərəmov sualları cavablandırmaqdan imtina edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir