Cəmiyyət

Yunan həbsxanasında azərbaycanlı gəncin başına nə oyunlar açıblar… – TƏFƏRRÜAT

Yayda Yunanıstan mətbuatında Azərbaycan əsilli İsveç vətəndaşı Emin Mirzəyevin Afina Beynəlxalq Hava Limanında terrorçuluqda ittiham olunaraq saxlanılması barədə məlumat yayılmışdı. İspaniyadan Yunanıstana gələn E.Mirzəyev iyulun 2-də Avropolun orderi əsasında, Afinadan İstanbula uçmağa cəhd edərkən pasport nəzarətindən keçdiyi vaxt saxlanılıb.

İttihama görə, Mirzəyev 2022-ci il dekabrın 26-da Stokholmda yaşayış binasında üçüncü şəxsləri bomba partlatmağa təhrik edib, həmçinin ötən il dekabrın 31-də İsveçin Farsta şəhərində baş verən partlayışda iştirak edib. Bütün bu müddət ərzində Yunanıstanın Korydallos həbsxanasında saxlanılan 22 yaşlı Emin Mirzəyev ittihamları rədd edib.

E.Mirzəyevin atası Rüfət Mirzəyev AYNA-ya açıqlamasında deyib ki, oğluna qarşı konkret ittiham irəli sürülməyib: “Ona bildirilib ki, İsveçdə partlayışların təşkilində şübhəli bilinir. Yunan mediası bu xəbəri götürdü və oğlumun terrorçu olduğunu yazdı və hətta onun adını da yazdı, halbuki qanunla onların məhkəmə qərarına qədər şübhəlinin adını açıqlamaq və onu cinayətkar adlandırmaq hüququ yoxdur”.

R.Mirzəyevin sözlərinə görə, oğlu hamam otağı olmayan kamerada pis şəraitdə saxlanılıb: “Yemək iki gündən bir verilirdi, kamera qızdırılmırdı, tualet kameradan sözün əsl mənasında iki addımlıqda olmasına baxmayaraq, kamerada təbii ehtiyaclarını ödəmək üçün vedrə qoymuşdular. Həftədə bir dəfə onu şlanqdan buz kimi su ilə çimizdirirdilər, mühafizəçilər oğluma nifrətlə “türk” deyirdilər”.

“Kameranın işığını da yandırmadılar. Ona üstünü örtməyə ədyal belə, vermədilər. Bundan sonra oğlumu təyyarə ilə Stokholma apardılar. Burada ona qarşı artıq konkret ittihamlar irəli sürülüb. Onun çatda özünü “Korleone” kimi təqdim edən və partlayışların təşkili ilə bağlı göstəriş verən bir növ terrorçu olduğuna dair şübhələr vardı. Lakin onun mobil telefonunu yoxlayanda məlum olub ki, o, heç vaxt bu çata daxil olmayıb, – deyə ata bildirib.

Partlayışlarla bağlı cinayət işində 7 nəfər iştirak edir və onların hamısı dindirilmə zamanı və məhkəmədə Emin Mirzəyevi heç vaxt eşitmədiklərini və görmədiklərini bildiriblər. 6 aylıq həbsdən sonra dekabrın 19-da Emin azadlığa buraxılıb, 21-də isə məhkəmə ona qarşı irəli sürülən bütün ittihamları ləğv edib. İsveç təhlükəsizlik qüvvələri bu vəziyyəti Emini başqa şəxslə səhv salmaları ilə izah edib, üzr istəyiblər.

Rüfət Mirzəyev oğluna Yunanıstan həbsxanasında yardım göstərdiyinə görə Azərbaycanın Yunanıstandakı səfirliyinə minnətdarlığını da çatdırıb: “Yalnız oğlum milliyyətcə azərbaycanlı olduğuna görə Yunanıstan həbsxanasında ona qarşı pis rəftar edilib. Həbsxana işçiləri oğlumu “Azərbaycan donuzu” adlandıraraq təhqir edirdilər. Azərbaycan səfirliyinin müdaxiləsi sayəsində mühafizəçilərin həbsdə olan oğluma münasibəti dəyişib”.

İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev AYNA-ya açıqlamasında söyləyib ki, Eminlə onun soyadının eyni olduğuna görə İsveçdə yaşayan ermənilər Emini onun oğlu kimi təqdim edirlər: “Daşnak ideologiyasının daşıyıcıları olan ermənilər bundan mənim adımı ləkələmək üçün istifadə etdilər və ağıllarına belə, gətirə bilmədilər ki, Emin mənim oğlum deyil, sadəcə eyni soyadı daşıyırıq”.

Emil Mirzəyevin sözlərinə görə, müqavilə bağladıqları isveçli vəkilin sayəsində Eminə qarşı bütün ittihamlar götürülüb və o, hətta İsveç hakimiyyətindən dəymiş mənəvi ziyana görə təzminat tələb edə bilər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir