Yeni təmirdən çıxan BDU-da istilik sistemi niyə işləmir?Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçirilən 2 satınalmaya yekun vurulub.
Yeniavaz.com xəbər verir ki, hər iki satınalma bir mənbədən satınalma üsulu ilə keçirilib.
Satınalmanın nəticəsinə görə, “Euroservise” MMC (VÖEN – 1503047971) 19 dekabr 2023 – 30 aprel 2024-cü il tarixləri arasında universitetin yeni qazanxanasına qaz xətti çəkəcək və qarşılığında 76 min 590 manat 44 qəpik alacaq.
“TFM-Smart Project” MMC (VÖEN – 6001055841) isə 2 saylı tədris binasının əsaslı təmiri işləri ilə bağlı mövcud olan layihə-smeta sənədlərinə əlavələr hazırlaycaq və qarşılığında 135 min 169 min manat alacaq.
Tender müsabiqələriylə bağlı diqqət çəkən məqam odur ki, 2 saylı korpusda əsaslı təmir işləriylə bağlı tender müsabiqəsi bu ilin əvvəlində keçirilib. Tenderin qalibi “Vest-LTD” QSC (VÖEN – 2100393871) olub. Qalib şirkətə 10 milyon 950 min 396 manat 33 qəpik ayrılıb. Müsabiqənin şərtlərinə görə 2 saylı korpusda əsaslı təmir işləri bu ilin dekabr ayının 30-da başa çatmalı idi.
Sentyabr ayının 8-də mətbuatda yer alan məlumatlarda bildirilir ki, 2 saylı korpusunda əsaslı təmir işləri başa çatmaq üzrədir. Binanın zirzəmisindən damına qədər bütün mərtəbələri, auditoriyalar, inzibati otaqlar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulub, bütün kommunikasiya xətləri, yanğınsöndürmə sistemi yenilənib. Qeyd edilib ki, qazanxana və drenaj sistemi yenilənib.
Maraqlıdır ki, sentyabr ayında açıqlanan məlumatlarda 2 saylı korpusda əsaslı təmir işləri başa çatmaq üzrə olduğu bildirilsə də, BDU 3 ay sonra – dekabr ayında əsaslı təmirlə bağlı 135 min manatlıq yeni layihə-smeta sənədləri hazırlayır. Eyni zamanda yeni qazanxanya yeni qaz xəttinin çəkilməsi korpusun istifadəyə verilməsindən 3 ay sonra – qış fəslində həyata keçirilir. Hər iki satınalma da bir mənbədən satınalma üsulu ilə keçirilib.
Məlumat üçün onu da bildirək ki, dekabr ayının 18-də Bakı Dövlət Universitetinin müəllimi Araz Əliyev sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, tədris müəssisəsinin auditoriyalarında bir həftədir ki, soyuqdur, istilik sistemi isə işləmir.
Bu paylaşımdan 5 gün sonra Araz Əliyev polis tərəfindən saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib və 25 sutka inzibati həbsə məhkum edilib.