Cəmiyyət

İki uşaq atası xəstəliyinin müalicəsi üçün pul tapa bilmir – ÇARƏSİZLİK…

Masallının Hişkədərə kənd sakini, 37 yaşlı Aqil Bədəlov uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkir. Parkinson beyin hüceyrələrinin itirilməsi ilə müşayiət olunan, yavaş-yavaş inkişaf edən beyin xəstəliyidir.

A.Bədəlovun həyat yoldaşı Aytən Bədəlova Meydan TV-yə bildirib ki, həyat yoldaşı Türkiyədə əməliyyat olunaraq xəstəlikdən qurtula bilər. Lakin əməliyyat üçün lazım olan pulu qarşılaya bilmirlər.

“Aqil 6 ildir parkinson xəstəliyindən əziyyət çəkir. Əvvəllər usta kimi çalışırdı, amma xəstəlikdən sonra işləyə bilmir. İki övladımız var, 4 nəfərlik ailə qaynanamın pensiyasının ümidinə qalıb. Müalicələr nəticə vermir, xəstəlik hər keçən gün bir az daha ağırlaşır”,- A.Bədəlova deyib.

Bildirib ki, həyat yoldaşı özhesabına Rusiyaya gedib, olan-qalan pul da Rusiyada müalicəyə xərclənib. Həkimlər Türkiyədə əməliyyat edilərsə, sağala biləcəyini deyirlər: “Türkiyədə əməliyyat 25 min dollara başa gəlir. Maddi imkansızlıqdan çarəsiz qalmışıq, evimizdə nəinki satmağa qiymətli əşya, hətta ərzaq belə yoxdur. Pul ucbatından yoldaşımın vəziyyəti get-gedə pisləşir”.

A.Bədəlova deyir ki, indiyədək müxtəlif təşkilatlara, fondlara, hətta KİV-ə etdiyi müraciətlər cavablandırılmayıb:

“6 və 8 yaşında iki övladımız var. Hər gün atalarının ağrı-acılarına şahid olurlar. Çarəsiz vəziyyətdə yollar axtarırıq, amma işıq ucu görünmür, səsimizi çatdıra bilmirik”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ailənin müraciəti ilə bağlı suala bildiriblər ki, parkinson xəstəliyinin əməliyyatı Xidmətlər Zərfinə daxil deyil.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir