Cəmiyyət

AQTA 21 min vergi borcu olan general-leytenantın qeydiyyatını ləğv etdi – DETALLAR

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə sahəsində fəaliyyət göstərən fərdi sahibkar Şahverdiyev Mayıl Seminar oğlunun (VÖEN – 1800264142) 21 noyabr 2018-ci il tarixli 1811210017 nömrəli qida təhlükəsizliyi qeydiyyatını ləğv edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat AQTA-nın 2023-cü ilin dekabr ayı üçün açıqlanan hesabatında yer alıb.

Məlumat üçün bildirək ki, AQTA-nın 3 aprel 2021-ci il tarixində açıqladığı məlumatda göstərilir ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 2405 ünvanında yerləşən, fiziki şəxs Şahverdiyev Mayıl Seminar oğluna məxsus “Ay işığı” kafesində, 22 sentyabr 2021-ci il tarixində açıqladığı məlumatda isə Bakı şəhəri, Nizami rayonu, M. Əliyev küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Şahverdiyev Mayıl Seminar oğluna məxsus “Ay İşığı” şadlıq evində kobud qanun pozuntuları aşkar olunub.

Hazırda (08 yanvar 2024-cü il tarixinə) dövlət büdcəsinə 20 min 974 manat 569 qəpik vergi borcu olan fərdi sahibkar Şahverdiyev Mayıl Seminar oğlunun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini olan general-leytenant Şahverdiyev Mayıl Seminar oğlu ilə eyni şəxs olduğu bildirilir.

Qeyd edək ki, Şahverdiyev Mayıl Seminar oğlu 25 sentyabr 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin səfərbərlik hazırlığı və səfərbərlik üzrə müavini – Səfərbərlik hazırlığı və səfərbərlik baş idarəsinin rəisi təyin olunub. 27 dekabr 2021-ci il tarixindən general-leytenanat rütbəsi daşıyır. Şahverdiyev Mayıl Seminar oğlu 15 dekabr 2020-ci il tarixində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Onu da bildirək ki, Mayıl Şahverdiyev daha əvvəl Göygöl rayonunun hərbi komissarı vəzifəsində işləyib. 2020-ci ildə mətbuatda yayılan məlumatda bildirilib ki, naməlum şəxslər 1977-ci il təvəllüdlü Mayıl Şahverdiyevə məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 12 A, mənzil 26 ünvanında yerləşən mənzilə pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar və 20 000 ABŞ dolları, 20 000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd ov tüfəngi oğurlayıblar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir