Dünya

“Rusiya Aİ-nin Ermənistanda möhkəmlənməsinə laqeyd qalmayacaq” – Görünəni odur ki…

“Peter Stanonun və digərlərinin çıxışlarının konkret məqsədi var. Bu da ondan ibarətdir ki, Avropa İttifaqı Ermənistanda müşahidəçilərinin sayın artırır. Artıq avropalı müşahidəçilərin sayı 209 nəfər çatıb. Halbuki əvvəllər onların sayı 140 nəfərə yaxın idi. Aİ Ermənistana müşahidəçilərin göndərilməsinə hüquqi və siyasi əsas yaratmaq üçün bu cür bəyanatlar verir”.

Bunu Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stanonun fikirlərini Bizim.Media-ya şərh edən sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O bildirib ki, Aİ elə bir fon yaratmaq istəyir ki, guya Azərbaycan hər an Ermənistana hücum edə bilər:

“Ona görə də Aİ Ermənistana yeni və daha böyük sayda müşahidəçi göndərmək “məcburiyyətindədir”. Çox güman ki, yaxın zamanlarda Aİ daha bir iddia irəli sürəcək ki, müşahidəçilərin həyati təhlükəsi var. Ona görə də onlar silahlandırılmalı və yaxud da onlara silahlı mühafizəçilər göndərilməlidir.

Bununla da Aİ Ermənistanda özünün hərbi kontingentini yaratmaq istəyəcək. Bir sözlə Stanonun və digər avropalı siyasətçilərinin son bəyanatlarının konkret hədəfi var. Aİ Ermənistanda müşahidəçilər kontingentini genişləndirməklə həm İrana, həm də Rusiyaya nəzarət imkanı qazanmaq istəyir. Maraqlıdır ki, Paşinyan baş verən proseslərdən məlumatlıdır və Qərbin layihəsini dəstəkləyir”.

Bəs, Rusiya Qərbin bu layihəsinə laqeyd qalacaqmı?

Elmar Məmmədyarov suala belə cavab verib: “Təbii ki, Rusiya Qərbin bu layihəsinə laqeyd qalmayacaq. Mən az əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovun müsahibəsinə baxdım. Həmin müsahibədə Ermənistanın siyasi hakimiyyətinə çox ciddi mesajlar var. Bütün hallarda Aİ-nin müşahidəçi missiyasının genişləndirilməsi və müharibə ritorikalarını Rusiya cavabsız qoymayacaq. Çünki Rusiya Ermənistanı özünün anklavı hesab edir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir