Cəmiyyət

Azərbaycan Respublikası Prezidentliyinə namizəd, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin SEÇKİ PLATFORMASI

Azərbaycan Respublikası Prezidentliyinə namizəd,

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin

SEÇKİ PLATFORMASI

Azərbaycan yeni seçkilərə öz suverenliyini və sərhədlərini tam bərpa edən bir ölkə kimi gedir. İkinci Qarabağ müharibəsində qazanılan tam zəfər ölkənin sosial dövlət olaraq inkişafını zəruri edir. Bu inkişaf xalqımızı dünyanın ən varlı və xöşbəxt xalqlarından biri etmək missiyası daşımalıdır. Bunu əsas götürərək, Milli Cəbhə Partiyası və onun prezidentliyə namizədi Razi Nurullayev Azərbaycanın sosial dövlət olaraq inkişafını və sosial demokratiyanın cəmiyyətdə bərqərar olmasını vacib hesab edir.

Azərbaycan Respublikasının Prezidentliyinə namizəd olaraq Razi Nurullayev inanır ki, ölkənin gələcəyi və inkişafı, sosial layihələrin həyata keçirilməsi indi qarşımızda duran əsas vəzifədir. İnsan ləyaqətinin uca tutulması, yüksək təhsil, əhalinin yaşlı təbəqəsinin sosial hüquqlarının qorunması və sosial təminatının artırılması, gənclərin iş və sosial həyatının təminatı, asudə vaxtının səmərəli təşkili bizim üçün əsas prioritetdir. Biz bununla sosial-demokratiya ideyasını ölkədə gerçəkləşdirəcək, savadlı, sosial hüquqları qorunan və təminatı olan cəmiyyət formalaşdıracağıq. Bunun üçün kompleks islahatlar aparılmasını zəruri hesab edirik.

Azərbaycanın inkişafı və perspektivləri, ideoloji prinsiplərin təbliği, sosial dövlətin inkişafı, təhsil, sosial təminatlar, biznes mühitinin keyfiyyətinin yaxşılaşdırılmasından keçir.

Platforma

1. İdeologiya sahəsində

– Biz sosial-demokratiya ideoloji xəttini rəhbər tutaraq, insanların bərabərlik, azadlıq və həmrəylik prinsipləri əsasında yaşamasını təmin edəcək, sinfi bölünmənin qarşısını alacaq, bununla da xalqın azad və firavan yaşamasının təminatçısı olacağıq;

– Sosial-demokratik dəyərlərin cəmiyyətə aşılanması, öyrədilməsi və geniş xalq kütlələri tərəfindən qəbul edilməsinə nail olacaq və bu dəyərlərin müdafiəçisi olaraq, onun qorunmasını təmin edəcəyik;

– Azad və firavan yaşayan xalqın bütün sosial, siyasi, iqtisadi hüquqları tərəfimizdən təmin ediləcək, insan hüquqlarının müdafiəsi və qorunması əsas baza prinsiplərimizdən biri olacaqdır;

– Sosial dövlət olaraq bizim inkişaf yolumuz təhsil və əhalimizin yaxşı yaşamasıdır. “100 faiz keyfiyyətli təhsil, 100 faiz orta gəlirli stabil təbəqə” ideoloji xəttimizin əsas tezislərindən biridir və bunun bazasında sosial-demokratiya ideyası durur.

– Planlaşdırılan sosial təminatın yerinə yetirilməsi üçün dövlət öz üzərinə düşən öhdəlikləri birmənalı yerinə yetirəcəkdir.

2. Təhsil və elm sahəsində görüləcək işlər

– Yeddi il ərzində bütün kəndlərdə uşaq bağçaları təşkil olunacaq;

– Bütün orta məktəblərdə nəzəri dərslər, məşğələlər və təcrübi dərslərlə uzlaşdırılacaq. Yalnız nəzəriyyə ilə dərs keçmə prosesi birdəfəlik aradan qaldırılacaq;

– Bütün bölgələrdə mövcud olan peşə məktəbləri xarici təcrübə ilə yenidən qurulacaq və ciddi şəkildə daxili və xarici sərmayələr cəlb ediləcək. Yeddi il ərzində peşə təlimi sahəsində Azərbaycanın 70-80 faiz civarında öz kadr ehtiyaclarını təmin etmək vəzifəsini üzərimizə götürürük;

– Test üsulunun tətbiqi yüksək keyfiyyətli və əhatəli bilik, o cümlədən təhsil sisteminin qarşısında maneəyə çevrilib. Ona görə də bu imtahan sistemini dəyişib müasir təhsil sisteminin sintezini yaratmaqla, rəqabət mühitini formalaşdıracağıq.

– Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsilə büdcədən ayrılan vəsaitin digər sahələrdən daha çox olması təmin ediləcək;

– İdarəetməyə təyinat yox, seçki sisteminini daha çox fayda gətirəcəyi qənaətindəyik. Ona görə də rektorlar təyinatla yox seçki yolu ilə seçiləcək;

– Dövlət Ali təhsil müəssisələrində tədricən ölkə vətəndaşları üçün pulsuz təhsil tətbiq olunacaq; ilkin olaraq bütün qız uşaqlarının dövlət hesabına pulsuz təhsili təmin ediləcəkdir.

– Dövlət ali təhsil müəssisələri ilə yanaşı özəl ali təhsil müəssisələrində də qız uşaqlarının dövlət hesabına oxumasını dövlət öz üzərinə götürəcək;

– Elmin inkişafı üçün əsaslı vəsait ayrılacaq. Həqiqi olaraq elm sahəsində çalışan, özünü, həyatını və karyerasını elmə sərf etmək istəyən hər bir şəxsə ciddi dövlət stimulu yaradılmaqla bərabər, onların özəl sektora cəlbi də təşkil ediləcək. Yaxın ilk il ərzində elmə ayrılan vəsait 5 dəfə artırılacaq.

3. Səhiyyə sahəsində

– Vətəndaşların sağlamlığının qorunması dövlətin konstitusion vəzifələrindən biridir. Səhiyyə sistemimiz hələ də yetərincə təkmilləşməyib. Səhiyyə sistemində ikili, bəzən üçlü (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və TƏBİB) idarəetmə sistemi nəticəsində problemlər ortaya çıxır.

Bunu üçün ilk növbədə

– TƏBİB Səhiyyə Nazirliyinin tabelyinə verilməklə problemin müyyən hissəsini həll etmək olar. Xəstəxanalar, klinikalar, dövlət poliklinikaları və digər tibb xidməti göstərən bütün müəssisələr Səhiyyə Nazirliyinin tabeliyinə verilir və TƏBİB isə fəaliyyəti təşkil edir.

– İcbari Tibbi Sığorta ilə bağlı yeni yanaşmalar tətbiq olunmalı, sığorta paketləri estetik əməliyyat və müalicələr istisna olmaqla bütün digər xəstəlikləri əhatə etməlidir. Onkoloji xəstəliklərlə bağlı xüsusi sığorta paketləri tətbiq ediləcək.

– İcbari Tibbi Sığorta ilə bağlı mühüm yanaşma isə reseptlərin də sığorta paketinə daxil edilməsidir. Ambulator müalicə alan xəstələrin də dərmanları sığorta vasitəsilə ödəniləcək.

– Ölkədə yüksək ixtisaslı peşəkar həkim kontingenti çatışmazlığı hiss olunmur. Lakin ixtisaslı kiçik tibb işçiləri ilə bağlı problemlər var və tibb kolleclərinin sayını artırmaqla bu problem həll ediləcək.

– Xaricdə təhsil alaraq orada işləyən və ölkədən xarciə gedən həkimlərin geri qayıtması ölkəmizdə insanların sağlamlığının keşiyində durmaları üçün stimullaşdırıcı proqramların qəbuluna başlanılacaq.

– Xarici ölkələrdə təhsl alan, orada işləyib təcrübə qazanan həkimlərin ölkəyə gəlib işləməsi üçün Dövlət İmtahan Mərkəzində daimi şəkildə fəaliyyət göstərən komissiya işləyəcək.

4. Sosial sahədə

– Azərbaycan əhalisinin artım tempinin qorunub saxlanması və uşaqlara dövlət qayğısının təminatı üçün uşaq pulu veriləcək.

– Pensiya yaşı azaldılacaq. Qadınlar üçün 60, kişilər üçün 62 yaş pensiya yaşı kimi müəyyənləşdiriləcək;

– Bütün növ pensiyaların minimum məbləği üç-dörd il ərzində 700 manat həddində müəyyənləşdiriləcək və indeksləşdiriləcək;

– İşləmək üçün 65 yaş həddi kvotası aradan qaldırılacaq. İşləyib-işləməmək üçün sağlamlıq əsas meyar olaraq qəbul ediləcək.

– Təcrübəli yaşlı nəsillə işləməyə üstünlük veriləcək, yaşlı və gənc nəslin inteqrasiyası elə aparılacaq ki, cəmiyyətdə ayrı-seçkilik hiss olunmasın və illərlə toplanan dövləti idarəetmə təcrübəsi məhv olmasın;

– İpoteka şərtlərinin sadələşdirilməsi təmin ediləcək. Bununla da xeyli vətəndaş kateqoriyaları üçün ipotekanın əlçatanlığı mümkün olacaq. İpoteka məbləğinin artırılması, əmək haqqı tələbininin aşağı salınması və fazilərinin azaldılması əsas prioritet olacaq.

– Qaz və işıq limitlərinə üçillik güzəşt tətbiq olunacaq. Ondan sonra iqtisadi artım, əhalinin gəlirləri və s. nəzərə alınaraq, limitlə bağlı məsələyə yenidən baxılacaq.

– Əmək haqlarının yeddi il ərzində ilkin olaraq azı iki-üç dəfə artırılması həyata keçiriləcək. Daha sonra əmək haqqları indeksləşdiriləcək və infliyasiyaya uyğun tənzimlənəcək.

– Regionlarda, xüsusilə kənd yerlərində elə şərait yaradılacaq ki, kənddə yaşamaq şəhərdə yaşamaqdan daha rahat olsun. Biz kəndlərdə infrastruktur yaratmalıyıq, iş yerləri açmalıyıq ki, mövcud urbanizasiyanın qarşısını alaq.

– Ölkə boyu bütün rayon və şəhərlərdə sosial evlərin tikintisi ilə 7 il ərzində bu problemi birdəfəlik həll etmək niyyətindəyik.

– Müharibə veteranlarının mənzillə təmin edilməsinin dövlət proqramına əlavə edilməsi təmin ediləcək. Veteranlara verilən təqaüdün “Veteranlar haqqında” Qanunun 1-ci maddəsinin tələblərinə uyğun olaraq minimum əmək haqqı səviyyəsinə çatdırılması təmin olunacaq;

– Kənd əhalisi vəsait və texnika çatışmazlığından pay torpaqlarından səmərəli istifadə edə bilmir. Bu problemi aradan qaldırmaq üçün torpaqların korperativlərdə birləşdirilməsi və birgə fəaliyyətlə bağlı proqram və layihələr həyata keçiriləcək;

– Regionların inkişafı üçün dövlət universitetlərinin fakültələrinin bir hissəsini rayonlara köçürmək əsas ideyalarımızdan biridir.

– Mənəvi dəyərlərin aşınmaması, cəmiyyətdə geriləmə olmaması üçün milli mədəniyyətimizin inkişafı qorunacaq, çap mediası, sosial media və televiziyaya nəzarət gücləndiriləcək. Gənc nəslin mənfi yöndə tərbiyələnməsinə rəvac verən veriliş və proqramlar qadağan ediləcək.

5. Biznes sahəsində

– Əlverişli biznes mühiti üçün şəffaflıq və daha az vergi ödəmələri ilə yeni biznes mühiti formalaşdırılacaq. Bu sahədə əsas şüarımız “Vergini ödə, şəffaf ol, cinayət pullarını verilən maliyyə amnistiyası ilə leqallaşdır” olacaq. İş adamları bizim hakimiyyətimizin ən mötəbər şəxsləri olacaq və iş mühitinə əngəl törədən məmurlar haqqında ən sərt tədbirlər görüləcək. Ölkədə geniş miqyaslı maliyyə amnistiyası həyata keçiriləcək.

– Sadələşdirilmiş vergi məbləğinin hazırkı 200 mindən 350 minə qaldırılması təmin ediləcək;

– Fiziki şəxslərin müflis elan edilməsi haqqında qanun layihəsi hazırlanıb ictimaiyyətin müzakirəsinə veriləcək və qəbul olunacaq. Azərbaycanda yalnız hüquqi şəxslərin müflisliyi haqqında qanun mövcuddur.

– Bank fazilərinin aşağı salınması üçün ciddi işlər aparılacaq və dövlətin imkanları daxilində olan bütün vasitələrdən istifadə ediləcək.

– Biznes mühiti şəffalaşdırıldıqdan, vergi güzəştləri tətbiq edildikdən sonra ölkəyə investisiya qoyuluşu ilə bağlı layihələr hazırlanaraq, qəbul ediləcək. Əsas məqsədimiz xarici investorların ölkəyə sərmayə yatırmasının təminatı və etibarlılığının qorunmasıdır.

– Bununla yanaşı yerli investorlara əlavə güzəşt paketləri təqdim olunacaq.

6. Dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimad mühitinin yaradılması. Məhkəmə-hüquq islahatları

– Məhkəmə sisteminin tam azad və sərbəst, düzgün qərar verməsi üçün gərgin iş aparılacaq və iki il ərzində bu təmin ediləcək. Məhkəmə hakimlərinin, işçilərinin, Prokurorluq orqanı işçilərinin, polis orqanlarının əmək haqqları minimum iki-üç dəfə, bəzi sahələr üzrə isə dörd dəfə artırılacaq.

Bundan sonra, sıfır səviyyə rüşvət və korrupsiya kampaniyası elan ediləcək və qanunu pozanlar ən qatı şəkildə cəzalandırılacaq, əmlakı müsadirə olunmaqla cinayət məsuliyyətinə cəlb olunacaqlar;

– Prokurorluğun paralel olaraq həm nəzarətçi və həm də dövlət ittihamçısı funksiyası bir-birinə ziddiyətli funksiyadır. Prokurorluğun nəzarətçi funksiyası ilə dövlət ittihamçısı funksiyasının ayrılması təmin ediləcək.

– Ədalət mühakiməsinin nəticəvi əhəmiyyət və effektivliyini artırmaq məqsədi ilə vəkillərin prosesual səlahiyyətlərinin genişləndirilməsi təmin ediləcək.

– Vətəndaşların dövlət qurumlarına etimadının artırılması üçün məmur-vətəndaş arasında əlaqənin üz-üzə prinsipdən “onlayn” əlaqəyə keçməsini 100 fazi təmin etmək vacibdir. Bu sistemin tətbiqi müraciətlərin izlənməsini, dövlət qurumlarının adekvatlığını üzə çıxaracaq. Bu da öz növbəsində vətəndaş maraqlarının təminatına səbəb olacaq.

7. Dövlət maraqlarının təminatı

– Azərbaycan dövlətinin və xalqının maraqları ən ciddi prioritetimizdir. 44 günlük Vətən müharibəsindən və Azərbaycan dövlətinin möhtəşəm Zəfərindən sonra müxtəlif sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı beynəlxalq miqyasda əks-təbliğat kampaniyası aparılır. Bu səbəbdən də “Facebook”, “YouTube”, “Tik-Tok” sosial platformalarının Azərbaycan nümayəndəliyinin açılması əsas hədəfimizdir. Dövlət və milli maraqlarımızın müdafiəsi üçün bu məsələdə mövqeyimiz qətidir.

8. Xarici siyasət prinsipləri

Azərbaycan dövləti mövcud təbii-coğrafi, tarixi, ənənəvi, milli-psixoloji, iqtisadi və digər amilləri nəzərə almaqla öz xarici siyasətində aşağıdakılara xüsusi diqqət yetirəcək:

– Azərbaycan dövlətinin xarici ölkələrdən və beynəlxalq təşkilatlardan asılı düşməməsi, müqavimətinin artırılması, bütün istiqamətlərdə azad və ədalətli rəqabət mühitinin yaradılması üçün ölkədəki siyasi qüvvələr arasında qarşılıqlı inam və etimada nail olmaq;

– Beynəlxalq və regional təşkilatlarla, hərbi-siyasi bloklarla münasibətlərdə Azərbaycanın maraqlarını qətiyyətlə qorumaq;

– Cənubi Azərbaycandakı soydaşlarımızın milli oyanışına və milli özünüdərkinə nail olunmasına, bu prosesin genişləndirilməsinə və onların sosial-siyasi və mədəni hüquqları uğrunda apardıqları mübarizəyə hərtərəfli siyasi dəstək vermək;

– Bölgədə sülhün, əminamanlığın təmin olunması üçün Qafqaz xalqları ilə həmrəylik nümayiş etdirmək, onlarla iqtisadi, mədəni və s. istiqamətlərdə sıx əməkdaşlıq etmək;

– Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan siyasi-iqtisadi və hərbi əlaqələrinə xüsusi önəm verilməklə strateji tərəfdaşlığı bütün türk dünyası miqyasınadək genişləndirmək;

– Türk dövlətləri və topluluqları ilə əlaqələri genişləndirmək, milli-mənəvi dəyərlər sistemini əlaqəli araşdırmaq və bu dəyərləri gələcək nəsillər üçün qoruya bilmək məqsədilə hərtərəfli qarşılıqlı inteqrasiyanı təmin edəcək ümumtürk mədəni-iqtisadi birliyinin gerçəkləşdirilməsinə nail olmaq;

– Sülh, əmin-amanlıq və bəşəriyyətin tərəqqisi naminə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən, beynəlxalq hüquqa, ədalət prinsiplərinə söykənən xarici siyasət yürüdən dövlətlərlə əlaqələri hərtərəfli inkişaf etdirmək.

– Azərbaycanda mənəviyyat və milli dəyərlərimizə zərər vurmayan Qərb siyasi dəyərlərinin və hüquq sisteminin mənimsənilməsinə, Avropaya inteqrasiyaya və parlamentarizmin inkişafına nail olmaq;

– Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin tikintisinin başa çatdırılması, multimodal nəqliyyat infrastrukturunun mövcudluğunun təminatı, Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrinin Şərq-Qərb nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilməsinə təminat vermək;

9. Şəhərsalma və tikinti sahəsində

Azərbaycanın ayır-ayrı şəhər və rayonlarında, xüsusən Bakı şəhəri və Abşeron yarımadasında xaotik, qanunsuz və plansız evlər tikilib. Yüz minlərlə ev hələ də sənədsizdir və yaşamaq üçün də yararsızdır. Yol, su, qaz, işıq problemləri qalmaqdadır.

– İcazəsiz tikilən fərdi evlərin sənədləşdirilməsi ilə bağlı verilən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası üzrə məsul Komissiyanın hesabatı araşdırılacaq və Sərəncama uyğun müvafiq qərar qəbul ediləcək. Baş plana uyğun tikilməyən evlərlə bağlı xüsusi komissiya yaradılaraq, həmin evlərin dəyəri tam qaydada vətəndaşları narazı salmadan dövlət tərəfindən ödəniləcək.

– Bütün Azərbaycan ərazisində plansız və qanunsuz tikililər dayandırılacaq və buna şərait yaradan hər bir məmur və qurum ən sərt şəkildə cəzalandırılacaq. Dövlət tərəfindən infrastruktur, yaradılmış, planlaşdırılmış və fərdi evlərin tikilməsi üçün nəzərdə tutulmuş məhəllələr yaradılaraq, dövlət qiymətinə vətəndaşlara satılacaq.

– Vətəndaşlara verilən pay torpaqlarında evlərin tikintisinə istisnalarla, xüsusi hallar olarsa icazə veriləcək. Amma bu ərazilər dövlət tərəfindən yenidən planlaşdırılacaq və plansız tikililərin qarşısı alınacaq. Bu yerlərdə dövlət tərəfindən yol, su, qaz və kanalizasiya infrastrukturu yaradılacaq.

– Bakı və respublika əhəmiyyətli digər şəhərlərdə (Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Naftalan) hündürmərtəbəli binaların tikintisi ilə bağlı ciddi analizlər və qiymətlənidrmələr aparılacaq, vahid standartlar müəyyənləşdiriləcək. Şəhərin relyefi, ərazisi, sıxlıq və s. kimi amillər dəyərləndirilərək, hündürmərtəbəli binaların tikintisinə icazə veriləcək. Xaotik şəkildə bu tip tikililərin qarşısı alınacaq.

10. Turzim sahəsində

Qarabağda geniş quruculuq, abadlıq işləri, müasir standartlara cavab verən infratsruktur yaradılır.

– Bununla yanaşı dünya standartlarına cavab verən turizm infrastrukturunun yaradılması ilə həm dövlətin gəlirlərini artırmaq, həm də Qarabağla bağlı təbliğat informasiya sistemi qurmaq mümkün olacaq.

– Siyəzən ərazisində yeni bir turizm kompleksi – Azərbaycanın Antaliyasını yaratmaq turizmin inkişafına böyük töhfə olacaqdır. Sumqayıtdan başlayaraq Şabrana, oradan Nabrana qədər Xəzərsahili ərazi turizmin inkişafı üçün çox əlverişlidir. Sahələr su, işıq, qaz və kanalizasiya sistemini özündə birləşdirən turizm infrastrukturu ilə hazır paket şəklində simvolik – 1 ABŞ dolları məbləğində sərmayəçilərə təqdim ediləcək və onlar heç bir idarənin qapısını döyməyəcəklər. Ən azı 100 (yüz) min iş yeri yaradılacaq və dövlət böyük gəlir əldə edəcək.

– Bütün rayon və şəhərlərdə mövcud müalicə-istirahət mərkəzlərinin bərpası və hər bir inzibati rayon ərazisində yenilərinin yaradılması proqramımıza daxildir. Sanatoriyaların bərpası və yenilərinin yaradılması hər il iki milyondan çox vətəndaşımızın xarici sanatoriyalara getməsinin qarşısını alacaq, o cümlədən yaxın yeddi il ərzində, əlavə olaraq yarım milyondan çox əcnəbinin də ölkəmizə gəlməsinə imkan yaradacaqdır. İlk ilin prioritetlərinə Bakının Pirşağı qəsəbəsindəki “Qızıl-qum” sanatoriyası, Kürdəmir rayonunda yerləşən Mollakənd Ulusu sanatoriyası, Masallıda yerləşən və hazırda cəmi 200 nəfərə xidmət göstərə bilən İstisu “Fatimeyi-Zəhra” Şəfa Sanatoriyasının tutumunun 10 (on) min nəfər turustə çatdırılması, Qubanın son yaşayış məntəqəsi olan Xaltan kəndi yaxınlığındakı meşəlikdə, Çarxaçu çayı dərəsində istisu sanatoriyasının tikintisi və infrastrukturun yaradılması daxildir. Hər il Xaltan kəndinə 3 minə qədər insan axışır. Heç bir şəraiti və avtomobil yolu olmayan, cəmi iki təbii vannaya malik bu yerə 3-4 mindən çox adam axışırsa, sanatoriya tikilərsə, 50 minə qədər insanın burada müəlicəyə gələcəyi şübhəsizdir.

– Normal infrastrukturla Nabrana bir il ərzində ən azı əlavə 200 min xarici turist cəlb etmək mümkündür. Növbəti illər ərzində bu rəqəm yarım milyon turistə də çata bilər. Bunun üçün proqramımıza Nabranın abadlaşdırılması, onun dəniz kənarı bataqlıqdan, qamışlıqdan və çirkab sulardan təmizlənməsi daxildir. Özəl sektor xüsusi vergi və güzəştlərdən faydalanaraq turizm obyektləri tikəcək. Nabranda turizmin inkişafı ilə əlaqədar 50 (əlli) min iş yerinin yaradılması hədəfimizdir.

11. Vətəndaşların asudə vaxtlarının səmərəli təşkili və yaradıcılıq imkanlarının artırılması

Azərbaycan vətəndaşı rahat və xoşbəxt yaşamağa, istirahət etməyə layiqdir. Ölkəmizin iqtisadi inkişafı və gəlirləri imkan verir ki, dövlət öz vətəndaşının istirahətini təşkil etsin. Vətəndaşların asudə vaxtalarının səmərəli təşkili və yaradıcılıq imkanlarının artırılması ilə onun layiq olduğu istirahəti təmin ediləcək.

– Azərbaycanın hər bir rayon və şəhərində 10-15 hektar ərazidə sənətkarlıq və yaradıcılıq güşəsi salınacaq. Burada şairlər, yazarlar üçün Yaradıcılıq Evi, rəssamlıq və sənətkarlıq emalatxanaları, İxtira evi, sərbəst çıxışlar məkanı, kinozal və sinema klubu, kulinariya məkanı, musiqi evi, rəqs klubu, yaşlıların təhsili mərkəzi, xarici dil öyrənmə mərkəzi və digər xidmətlər yerləşdiriləcək.

– Fiziki məhdudiyyətli insanlar da bizim proqramımızda xüsusi yer tutur. Azərbaycan Əlillər Cəmiyyəti nəzdində Xidmətlər şəbəkəsinin yaradılmasını nəzərdə tuturuq. Bunun üçün Azərbaycanın hər bir rayonunda və şəhərində özəl sektorun iştirakı və payçılığı ilə ancaq əlillərin çalışacağı restoran, kafelər və bir sıra turizm obyektləri yaradılacaq.

12. Əhalinin informasiya, oxuma və rəsmi məlumatandırma imkanlarının əlçatanlığının təminatı üçün

Azərbaycan xalqının dəqiq informasiya təminatı, oxuma mədəniyyətinin qorunub-saxlanması üçün onun mütaliə etməsi vacibdir. Bunun üçün iki tətbiq nəzərdə tuturuq.

– Ən ucqar kəndlərdə belə 7 il ərzində kitabxanalar müasir texnoloji üsullarla bərpa ediləcək və yeni kitablarla təmin olunacaq.

– Dövlət qəzetlərindən birinin tirajının artırılması yolu ilə hər bir Azərbaycan ailəsinə günaşırı nəşr olunan qəzetin çatdırılması təşkil ediləcək. Bu nəşrin içərisində ədəbiyyat, mədəniyyət, siyasət, sosial həyat, qanunlar, hüquqi məsləhətlər, dövlət siyasəti, sağlamlıq və sair bölmələr olacaq.

Bu xidmət vasitəsilə 10 000-ə yaxın iş yeri açılacaq.

13. Struktur islahatları

Hökumətdə çevik idarəetmənin formalaşması üçün struktur islahatlarının aparılması zəruridir. Dövlət qurumlarının ayrı-ayrı formalarda eyni xidməti yerinə yetirməsi, səlahiyyətlərdəki kəsişmələr səmərəli fəaliyyətə imkan vermir. Vətəndaş nə vaxt hansı quruma müraciət etməli olduğunu bilmir.

Dövlət qurumlarının sayının azaldılması, səlahiyyətlərindəki təkrarçılıq və kəsişmələrin aradan qaldırılması ilə struktur islahatları aparılacaq və yeni, çevik idarəetmə sistemi yaradılacaq.

14. İnnovasiyaların və yeni texnologiyaların inkişafı

İnnovasiyalar və İxtiraçılıq İnstitutunun yaradılması və mövcud mərkəzlərin və digər qurumların bu çətir altında birləşdirilməsi vacibdir.

Əlavə olaraq texnologiya sahəsində ən yaxşı şirkətlər, laboratoriya, universitetlər və ölkə boyu yaradılmış sənaye və texnologiya parkları ilə də birgə konsorsiumlar yaradılaraq bu və ya digər texnoloji brendin yaradılması və istehsalı üzərində iş aparılması günün tələbidir.

Məqsəd rəqabətə davamlı və yüksək texnologiyalara əsaslanan məhsulların Azərbaycan brendi altında dünya bazarına çıxarılmasıdır.

Problemin həllinə gedən yollardan biri kimi adı çəkilən institutun yaradılmasını və bu işə müxtəlif ölkələrdən xarici mütəxəssislərin də cəlb edilməsini həyata keçirəcəyik.

15. Özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə daxil edilməsi

Özəlləşdirmə çekləri 1996-cı ildə mərhum Prezident Heydər Əliyev tərəfindən 450 nömrəli fərman ilə 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına əmlak payı olaraq verilib.

Hardasa, 1 milyon 600 mindən çox özəlləşdirmə çeki ayrı-ayrı vətəndaşlarda saxlanılır. Özəlləşmənin məqsədi vətəndaşları da mülkiyyət, müxtəlif müəssisələrdə payçı etmək idi. Özəlləşmə prosesi tam olaraq ayrı-ayrı şəxslərin müxtəlif maxinasiyalarla birdən-birə varlanmasına səbəb oldu.

Hakimiyyətimiz tərəfindən özəlləşdirmə çekləri yenidən dövriyyəyə buraxılacaq və əlində çekləri olan hər bir şəxs müxtəlif müəssisələrdə payçılara çevriləcəklər.

16. Yerli avtomobil brendi

Bu gün Azərbaycanda avtomobil istehsalı sadəcə xaricdən gətirilən komponentlər hesabına yığılır və istehsal olunan avtomobillər Azərbaycan brendi sayılmır. Hazır komponentlərdən yığıldığı üçün də işçi qüvvəsi azdır.

Buna görə də tam Azərbaycan brendi olan və keyfiyyəti ilə xarici analoqlarından geri qalmayan avtomobil brendinin yaradılması üçün bütün yerli və xarici qüvvələr səfərbər ediləcək. Sonrakı mərhələdə isə yerli brend olan elektrik avtomobillərinin, yük maşınlarının, kənd təsərrüfatı texnikasının və minik avtobuslarının istehsalı həyata keçiriləcək.

Əlavə olaraq, bu sahədə dəyər yaratmaq istəyən hər bir iş adamına dövlət tərəfindən maliyyə daxil olmaqla bütün köməkliklər göstəriləcəkdir.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir