Quru sərhədlərimiz 4 ildir “tikanlı məftil”ə çevrilib – itirən dövlət, xalq və iqtisadiyyatdır
Azərbaycan sərhədləri ən yüksək səviyyədə qorunur. Bu gün sərhədlərimizdə təhlükəsizlik tam təmin olunub. Azərbaycan suverenliyin tam bərpa etdikdən sonra sərhədlərin mühafizəsi daha da gücləndirilib. Təbii ki, peşəkar sərhədçilərimiz, Dövlət Sərhəd Xidmətinin qurduğu professional iş bu mənada müsbət qiymətləndirilməlidir.
Eyni zamanda, xüsusi xidmət orqanlarımız, təhlükəsizlik xidmətimiz ən üst səviyyədə fəaliyyət göstərməkdədir. Bu cəhətdən sərhədlərimizə doğru hər hansı təhdid, qanunsuz keçid olduqda dərhal tədbir görülür. Elə pandemiya dönəmində müxtəlif qanunsuz yollarla dövlət sərhədini keçərək ölkəmizə narkotik maddələrin gətirilməsinə cəhd edənlər olub ki, hamısı saxlanıblar. Həmçinin, “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçmək istəyərkən həbs edilən separatçı liderlərin yaxalanması da sübut etdi ki, Azərbaycan sərhədləri şimaldan cənuba, şərqdən qərbə ən yüksək səviyyədə qorunmaqdadır, bir quş da nəzarətimizdən keçə uça bilməz”.
Buna baxmayaraq, 2020-ci ildən, koronavirus epidemiyası başlayandan bəri Azərbaycanın quru sərhədləri bağlanıb. Bu müddətdə torpaqlar işğaldan azad edildi, antiterror əməliyyatı ilə Qarabağdakı separatçı yuva dağıdıldı, amma hələ də sərhədlər bağlı saxlanır. Halbuki epidemiyaya yoluxma sıfırın altına düşüb, bütün kütləvi yerlər açıqdır, maska taxmağa ehtiyac yoxdur, hava nəqliyyatı işləyir, sürət qatarları fəaliyyətdədir, bazarlar, ticarət dükanları çalışır, karantinə dair heç bir məhdudiyyət tətbiq olunmur, amma quru sərhədlərimiz bağlı saxlanır.
Bəzi ekspertlər və deputatlar vaxtaşırı verdikləri açıqlamalarda quru sərhədlərin bağl saxlanmasını təhlükəsizlik, ətrafımızda baş verən münaqişələrlə əlaqələndirir. Prezident İlham Əliyev də müsahibələrinin birində “Sərhədlərimizin şimalına doğru müharibə gedir” açıqlaması vermişdi. Təbii ki, regional münaqişələrin təsirləri qaçılmazdır, bölgəmizdə hər hansı siyasi-iqtisadi böhran, kataklizm yaşanırsa, bizə də yan fəsadları olur. Amma yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan sərhədləri etibarlı, əmin əllərdədir, sərhədçilərimiz ən yüksək səviyyədə sərhədlərdə keşik çəkirlər.
İkincisi, hazırda 2 ildir Ukraynada hərbi əməliyyatlar aparan Rusiyanın qonşuları ilə sərhədləri açıqdır, Yaxın Şərqdə bilavasitə münaqişəyə cəlb edilmiş, son olaraq Pakistanla gərginlik yaşamış, Kirmanda terror hücumuna məruz qalmış İran da quru sərhədlərini bağlamayıb. O zaman bizim karantin səbəbi göstərilərək sərhədlərimizin qapalı qalması ilk növbədə əhalimizə, iqtisadiyyatımıza faydasızdır. Habelə, Gürcüstan və Ermənistanın da quru sərhədləri açıqdır. Yəni qonşu dövlətlər sərhədlərini açıq qoyublar, bizsə hələ bağlamışıq.
Bundan başqa, rəsmi rəqəmlər və açıqlanan statistika sübut etdi ki, bu müddətdə daxili turizm də itirib. Heç də əhalinin ölkədən quru sərhədlə çıxa bilməməsi daxili turizmin inkişafına müsbət təsir etməyib. Bura gəlmək istəyən xarici turistlərin də ayağının kəsilməsini əlavə edə bilərik. Yenə də itirən bizim bazarımız, ticarətimiz, turizm obyektlərimiz, otellərimiz olur. Ona görə də quru sərhədlərin açılması həm iqtisadi cəhətdən labüddür, həm təhlükəsizliklə bağlı hər hansı problemimiz yoxdur, həm də epidemik şəraitə qənaətbəxşdir.
Bunu cəmiyyətdən gələn çağırışlar, sosial sifariş də zəruri edir. Rubrika.Az əməkdşalarının keçirdikləri sorğu, respondentlərin birmənalı cavabı, söhbətləşdiyimiz insanlar, sosial şəbəkələrdə paylaşılan postlar təsdiqləyir ki, quru sərhədlərin açılmasının tam zamanıdır. Artıq 4-cü ilidir ki, ölkədən quru yolla qonşu ölkələrə getmək olmur.
Bu məsələdə təkcə istirahəti, turizmi düşünmək də yanlışdır. Quru sərhədlərimiz açıq olanda vətəndaşlarımız Gürcüstan, Rusiya bazarlarından məhsul gətirir, ticarətlə məşğul olur, xeyli insan aylıq tələbatını ödəyirdi. Amma biz quru sərhədləri bağlamaqla həmin insanları içəri qapatmışıq, gəlir yerləri yox, məcburən alternativlər axtarışına çıxırlar, nəticədə isə yük dövlətə, dövlətin büdcəsinə, dövlətin iqtisadiyyatına düşür. O baxımdan sorğumuzu cavablandıran respondentlər də qeyd etdilər ki, dövlət bu barədə müsbət qərar versəydi, yaxşı olardı.
Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova müraciət edən insanlar quru sərhədlərin açılması haqda qərar verilməsini, ən azı apreldən sonra bu addımın atılmasını xahiş edirlər. Onlar inanırlar ki, ölkə rəhbərliyi xalqın səsini eşidəcək, onları sevindirəcək qərarı verəcək. Bu, həm də insanlara psixoloji olaraq yüksək əhval-ruhiyyə vermiş olar.
Təsəvvür edək ki, 4 il insanlar “həbs” vəziyyətində özlərini hiss edir, ən azı Türkiyə, Gürcüstana səfər edə bilmirlər. Təyyarə biletlərinin də qiymətlərinin dodaq uçuqladan olduğunu nəzərə alsaq, hər kəsin buna imkanı çatmadığını bilmliyik. O baxımdan müraciət edən insanlar, sosial mediada yaznalar, sorğumuzda iştirak edənlər Azərbaycan dövlətindən və onun rəhbərliyindən onların ürəyindən olan qərar veriləcəyini gözləyirlər
Rubrika.Az