Aqrar Sığorta Fondunun İdarə Heyəti kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflərin azaldılması ilə bağlı qərar qəbul edib.
Bu barədə Fond məlumat yayıb. Qərara əsasən, heyvanların bazatəminatlı və geniştəminatlı sığorta zərfi üzrə 1 illik sığorta tarifləri müvafiq olaraq 5,17% və 8,19% müəyyən edilib.
Xatırladaq ki, indiyə qədər bu tariflər müvafiq olaraq 6,1% və 9,5% olub.
Tariflərin aşağı salınması fermer və təsərrüfatlara heyvanları daha sərfəli şərtlərlə sığortalamağa imkan verəcək. Belə ki, indiyə qədər qiyməti 1000 manat olan mal-qaranın baza zərfi və geniş təminat üzrə 1 illik sığortası 30,5-47,5 manata başa gəlirdi.
Dəyişiklikdən sonra həmin şərtlərlə sığorta fermerlərə 26-41 manata başa gələcək. Qiyməti 300 manat olan xırdabuynuzlu heyvanların (məsələn, qoyun və ya keçinin) baza zərfi və geniş təminat üzrə 1 illik sığorta haqqı indiyə qədər 9-14 manat idisə, dəyişiklikdən sonra bu rəqəmlər daha da azalaraq 7,8-12,3 manata düşüb. Sığorta müqaviləsi uzun müddətə bağlandıqca, illik sığorta haqqı da azalır. Kənd təsərrüfatı heyvanlarının sığorta haqqının azalması fermerlərə və təsərrüfatlara daha sərfəli şərait yaradır.
Qeyd edək ki, fermerlər heyvanların aqrar sığortasından faydalanırlar. 2023-cü ildə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 910 min manat sığorta ödənişi edilib.
Maraqlıdır, heyvanların sığortalanması kənd təsərrüfatını inkişaf etdirəcək?
Sözügedən məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli “Cebhe.info”- ya bildirib ki, sığortanın işə düşməsi üçün hər zaman dövlət tərəfindən addım atılmalıdır:
“Heyvandarlığın sığorta olunması ənənəvi, həm də zəruri hal almalıdır. Eyni zamanda, Aqrar Sığorta Fondu fermerlərin etibarını qazanmalıdır. Bunun üçün də ilk növbədə fermerlər arasında ciddi təbliğat aparılmalıdır. Müəyyən qədər stimul verilməlidir. Bu addımlardan sonra fermerlərin sığortaya marağı artacaq”.
Ekspert qeyd edib ki, Sığorta Fondu fermerlərə dəymiş zərəri lazımi səviyyədə qarşılamalıdır. “Vətəndaşlar arasında olduğu kimi, fermerlərin də sığortaya etimadı və etibarı aşağıdır. Amma Aqrar Sığorta Fondu fermerlərə dəymiş zərəri lazimi səviyyədə qarşılasa, bu zaman digər fermerlərin də aqrar sığortaya marağı artacaq. Bundan sonra da sığorta sistemi lazımı səviyyədə fəaliyyətə davam edəcək”. (“Cebhe.info”)