Cəmiyyət

“Dərs keçdiyim zaman məni videoya çəkib paylaşır” – TƏFƏRRÜAT

Qax rayonunda sevdiyi qadını izləyən 42 yaşlı kişi məsuliyyətə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, rayon məhkəməsində kəndlərdən birinin sakini olan Hamlet Həşimov (ad-soyad şərtidir) barəsindəki inzibati protokola baxılıb.

İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə tərtib edilmiş protokola əsasən, H.Həşimov Qax şəhər sakini olan A.Quliyeva (şərti) və anasını küçədə söyərək təhqir etməklə ictimai qaydaları pozub.

Zərərçəkmiş şəxs qismində tanınan A.Quliyeva isə Hamletin uzun müddətdir onu narahat etdiyini deyib: “Artıq 5 ildir ki, məni narahat edir. Mən məktəbdə müəllim işləyirəm. O məni məktəbdə, yolda, hətta yaşadığım evdə dinc qoymur. Gecələr həyətimizə gəlir, məktəbdə dərs keçdiyim zaman gəlib pəncərədən məni videoya çəkir, çəkdiyi videoları sosial şəbəkələrdə paylaşır. Xahiş edirəm, tədbir görülsün”.

Barəsində protokol tərtib edilən 42 yaşlı kişi isə heç bir qayda pozuntusuna yol vermədiyini düşündüyünü bildirib: “2018-ci ildən bu günədək A.Quliyevanı sevirəm, onunla ailə qurmaq niyyətindəyəm. Hadisə günü küçədə A.Quliyeva və anası ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı anası taxta ilə məni vurdu. Xahiş edirəm, mənə köməklik göstərilsin”.

Qax Rayon Məhkəməsi ikinci qrup əlil olan H.Həşimovu 50 manat cərimə edərək sərbəst buraxıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir