Cəmiyyət

Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyidir

“Zirvə yolu” xatırladır ki, Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyidir.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası din xadimi olsa da, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdi. İlk təhsilini Sultan Məcid Qənizadənin 2 saylı rus-tatar (rus-Azərbaycan) məktəbində almış, daha sonra Bakı texniki məktəbini bitirmişdi. Inqilabı fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında ikən yaratdığı “Müsəlman gənclik təşkilatı” Azərbaycanda rus müstəmləkə üsuli-idarəsinə qarşı mübarizə aparan ilk siyasi təşkilat idi. Bir az sonra “Müsəlman demokratik – Müsavat cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuşdu. Təşkilat təşviqat-təbliğat işində “Hümmət” qəzetinin imkanlarından istifadə edirdi. Qəzet 1904-cü ilin axırlarından 1905-ci ilin fevralınadək fəaliyyət göstərsə də, 1917-ci ilin iyulun 3-dən Nəriman Nərimanovun redaktorluğu ilə yenidən nəşrə başlamışdı. Bu dövrdə mətbuata maraq çox idi. Çünki o dövrdəki qəzetlərin milliliyin dərk edilməsində rolu böyük idi. Nəşr etdirdiyi məqalələrində M.Ə.Rəsulzadə elmin, təhsilin, məktəbin vacibliyinə toxunurdu.

XX əsrin əvvəllərində Azərbaycanda yaranan milli oyanış, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və başqalarının Rusiyanın ayrı-seçkilik siyasətinə qarşı mübarizəsi, “türkləşmək, islamlaşmaq və müasirləşmək” məfkurəsi Rəsulzadənin dünyagörüşünə güclü təsir göstərmiş və siyasi tələbləri “insanlara hürriyyət, millətlərə istiqlal!” çağırışı kimi formalaşdırmışdı.

M.Ə.Rəsulzadə çar üsuli-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakıdan çıxaraq İrana gedir. Rəsulzadə 1908-11-ci illər İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabında, Cənubi Azərbaycanda milli-demokratik oyanışda iştirak etmiş, əsas rəhbərlərdən biri olmuşdu. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün S.H.Tağızadə ilə birlikdə İstanbula üz tutur.

1913-cü ildə vətənə qayıdan M.Ə.Rəsulzadə “Müsavat” partiyasının rəhbəri keçir və milli azadlıq mübarizəsində fəal iştirak edir. 1915-ci ildə M.Ə.Rəsulzadə “Açıq söz” qəzetini nəşr edir, Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparır, “Dirilik” jurnalında “Milli dirilik” başlığı ilə silsilə məqalələr dərc etdirir.

1917-ci ildə fevral burjua inqilabı baş verir. Həmin ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurulutayda “Azərbaycan qayəsi” məsələsi yenidən ortalığa atıldı. 1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçildi. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında milli hərəkat başlandı.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçildi. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi ləğv olunur və ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elanını dünyaya yaydılar. Xalqımız artıq öz varlığını və digər xalqlar kimi azad yaşamağa hüququnun bəşəriyyətə çatdırırdı.

1920-ci il aprelin 27-də Cümhuriyyətin süqutundan M.Ə.Rəsulzadə 1920-ci il avqustun 17-də Lahıcda həbs olundu. Bu xəbəri eşidən Stalin Bakıya gələrək onu həbsdən azad etdirir. O, tatar maarifçisi Musa Cərurullahın yardımı ilə qayıqla Fin körfəzindən Finlandiyaya keçir. 1922-ci ilin sonlarında Rəsulzadənin İstanbulda siyasi mühacir həyatı başlanır. 1926-cı ildə onun fəal iştirakı ilə Parisdə “Prometey” təşkilatı yaradılır. 1932-ci ildə Rəsulzadə siyasi fəaliyyətini Polşada davam etdirir. 1939-cu ildə Polşadan Fransaya, oradan İsveçrəyə, İsveçrədən İngiltərəyə, nəhayət Rumıniyaya keçir. 1947-ci ildə Türkiyəyə qayıdan Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin başçısı kimi fəaliyyətini davam etdirdi. Rəsulzadə mətbuatımızın tarixində siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biridir. Onun 1920-ci ilə qədər Azərbaycanın mətbuatında 1200-dən artıq yazıları dərc olunub. O, bir istiqlalçı kimi ömrünün sonunadək Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb.

Ölkə prezidenti cənab İlham Əliyevin ötən ilin sonlarında imzaladığı sərəncamla böyük öndərin 140 illik yubileyi qeyd olunur.

Aqşin Əsgərov: Bölgə müxbiri 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir