Razi Nurullayev Gəncədə seçicilərlə görüşüb.
“Zirvə yolu” “Azerinews.az”a istinadən xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili, Prezidentliyə namizəd Razi Nurullayev Gəncə şəhərində seçicilərlə görüşüb.
Azərbaycan Texnologiya Üniversitetinin akt zalında baş tutan tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan olunandan sonra Razi Nurullayevin tərcümeyi-halı, siyasi fəaliyyəti iştirakçıların diqqətinə çatdırılmışdır. Daha sonra söz Prezidentliyə namizədə verilmişdir. Namizəd çıxışında millət vəkili olduğu dövrdə ölkə vətəndaşlarından, o cümlədən Gəncə sakinlərindən yüzlərlə şikayət məzmunlu məktublar aldığını bildirmişdir: “Bu gün vətəndaşlarımız elementar hüquqlarını bilmir. Ibtidai istintaq orqanları bu vəziyyətdən sui-istifadə edirlər. Prezident seçiləcəyim təqdirdə dövlət qəzetləri hər bir ailəyə pulsuz çatdırılacaq. Demokratik təsisatların, güclü siyasi partiyaların tərəqqisi ön plana çəkiləcək. Ölkədə iqtisadi demokratiya, sahibkarlığın inkişafı təmin olunacaq.”
Daha sonra Razi bəy çıxışında 1500-dən çox şəxsin əlilliyin təmin olunmasında, 2000-dən çox əlil arabasının verilməsində, 100-lərlə ailənin sosial yardım ala bilməsində köməklik göstərdiyini qeyd etmişdir.
Seçki platformasından sitatlar gətirən Prezidentliyə namizəd bildirmişdir ki, prezident olacağı halda konstitusiyada seçkilərlə bağlı əhəmiyyətli dəyişikliklər edəcək, uşaqpulu verilməsi bərpa olunacaq, minimum pensiya yaxın illərdə 1700 manata çatdırılacaq, həssas kateqoriyadan olan şəxslər pulsuz tibbi ləvazimatlar və dərmanlarla təmin olunacaq, ölkə əhalisi bank asılılığından azad ediləcək, “sıfır korrupsiya, sıfır rüşvətxorluq” prinsipi rəhbər tutulacaq.
Məhkəmə, vergi, gömrük sistemində, mülkiyyət sahəsində əsaslı islahatların aparılacağını bildirən natiq ölkə vətəndaşını narahat edən digər problemləri diqqət mərkəzinə gətirib və onların həll yolları haqqında danışıb.
“Sosial ədalət, sosial demokratiya” şüarı ilə seçkilərə qatılan Razi Nurullayev sonda görüş iştirakçılarının suallarını cavablandırıb. Namizədə təhsillə, məişətdə istifadə olunan mavi yanacaqla bağlı suallar verilib.