Bu ilin 1 yanvar tarixinə olan məlumata görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi) işçilərin sayı 1 milyon 741,8 min nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 899,1 min nəfəri dövlət sektorunda, 842,7 min nəfəri isə qeyri-dövlət (özəl) sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, bir il əvvəl – 2023-cü il yanvar ayının 1-də Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 733,9 min nəfər olub, onlardan 903,3 min nəfəri dövlət sektorunda, 830,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Rəqəmlərdən də göründüyü kimi, son bir ildə muzdla çalışan işçilərin ümumi sayı 7,9 min nəfər və ya 0,5% artıb. Bu dövrdə dövlət sektorunda çalışanların sayı 4,2 min nəfər və ya 0,5% azalıb, qeyri-dövlət sektorunda çalışanların sayı isə 12,1 min nəfər və ya 1,5% artıb.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən açıqlanan məlumatda isə bildirilir ki, əmək müqavilələrinin sayı 2022-ci illə müqayisədə 62,5 min müqavilə və ya 3,6 faiz artaraq 1 milyon 809 minə çatıb.
Son bir ildə muzdla çalışan işçilərin sayı 7,9 min nəfər artdığı halda, əmək müqavilələrinin sayı bundan 8 dəfə çox – 62,5 min ədəd artıb.
İki qurumun açıqladığı məlumatlar arasında bu qədər kəskin fərqin olmasına münasibət bildirən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, əmək müqavilələrindəki artım əmək bazarında muzdla çalışan işçilərin sayının artması hesabına deyil, bir işçi ilə birdən çox əmək müqaviləsinin bağlanılması hesabına baş verib:
“Bildiyimiz kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Bundan başqa Statistika Komitəsinin açıqladığı məlumatda da muzdlu işçilərin əmək müqaviləsi ilə çalışan şəxslər olduğu qeyd olunur. Belə olan halda biz görürük ki, muzdla çalışan işçi eyni zamanda əmək müqaviləsi ilə çalışan işçi deməkdir. Əgər yanvar ayının 1-nə olan məlumatda ölkədə 1 milyon 741,8 min nəfər muzdla çalışan işçi varsa, o zaman yanvar ayının 1-nə 1 milyon 809 min əmək müqaviləsinin olması o deməkdir ki, 67,2 min əmək müqaviləsə birdən artıq şəxslə bağlanılıb. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin açıqladığı məlumatda əmək müqavilələrinin sayının artması məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlərlə əlaqələndirilib. Lakin, Statistika Komitəsinin muzdla çalışan işçilərin sayı ilə bağlı açıqladığı məlumat nazirliyin bu məlumatını təkzib edir. Statistika Komitəsi əslində nazirliyin yalan məlumat verdiyini ortaya çıxarır. Əgər, əmək müqavilələrinin sayı nazirliyin dediyi kimi, məşğulluq imkanlarının artırılması və qeyri-rəsmi məşğulluğun leqallaşdırılması hesabına artsaydı, o zaman muzdla çalışan işçilərin də sayı buna paralel şəkildə artmalı idi. Amma, biz bunun əksini görürük”.
Məsələ ilə bağlı ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Yeniavaz.com-un sorğusuna belə cavab verib:
“Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.
Əvəzçilik üzrə əlavə iş yerində işlədikdə də onunla əmək müqaviləsi bağlanır. Belə halda, göründüyü kimi, muzdlu işçinin adında əsas və əlavə iş yerləri üzrə olmaqla artıq bir yox, iki əmək müqaviləsi e-sistemdə qeydə alınır.
Əmək müqavilələrinin sayının muzdla (yəni əmək müqaviləsi ilə) çalışanların sayından çox olması da bununla əlaqədardır.
Son illər qeyri-formal məşğulluqla mübarizə tədbirlərinin, məşğulluq imkanlarının genişləndirilməsinin nəticəsi olaraq əmək müavilələri mütəmadi artır.
Əmək müqavilələrinin sayında artım olduğu kimi, eyni zamanda muzdla (yəni əmək müqaviləsi ilə) çalışanların sayında da davamlı artım mövcuddur. Dövlət Statistika Komitəsinin muzdla çalışanların sayı ilə bağlı açıqladığı məlumatlara nəzər saldıqda bu artım dinamikasını aydın şəkildə görmək olar”.