Cəmiyyət

Deputatla bağlı İLGİNC İDDİALAR… – BU NƏDİ BELƏ?!

Qanunla deputatların bizneslə məşğul olmasının qadağan edilməsinə baxmayaraq, hələ də bəziləri iş fəaliyyətini davam etdirir. Hətta onların bir qismi ölkədə qurduqları biznes imperiyasını xaricdə də genişləndirməklə məşğuldurlar.

“Yeni Gundem”in araşdırmasına görə, belə deputatlardan birinin də Anar Məmmədov olduğu iddia edilir.

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinin deputatı Anar Məmmədovun Parlamentdə təmsil olunması müəmmalar doğurur.Əvvəla, ölkənin ictimai -siyasi həyatında heç bir rola malik olmayan Məmmədovun qanunverici hakimiyyətin üzvü olması əsaslı şübhələrə gətirib çıxarır.

İlk öncə şübhələr ondan ibarətdir ki, ixtisasca nəqliyyatçı olan deputat niyə Milli Məclisi seçib?. Normalda o, aidiyyəti üzrə vəzifələrə də yiyələnə bilərdi.

İkinci müəmmalı məqam isə ondan ibarətdir ki, Anar Məmmədov deputat olmamışdan əvvəl seçildiyi dairənin seçiciləri ilə bağlı heç bir ictimai fəaliyyəti olmayıb. Çünki Anar Məmmədovun sosial şəbəkə hesablarında fəaliyyəti, ictimai əhəmiyyət kəsb edən paylaşımları məhz deputatlığ mandatı əldə etdikdən sonra edilib.

Azərbaycan Respublikasının Sabiq nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı kimi tanınan Anar Məmmədov adı müxtəlif cinayətlərdə hallanan kriminal oliqarx Qulam Ələkbərovun kürəkəni olduğu üzə çıxıb. Bu barədə Axar.az bir müddət əvvəl məlumat yayıb.

Qeyd edək ki, Anar Məmmədov 1984-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsili haqqında məlumatları qeyri-müəyyən olan Məmmədovun Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsində ali təhsil aldığı müəyyən olunub. O, Z.Məmmədovun nəqliyyat naziri olduğu illərdə (2006-2009) Bakı şəhər Nəqliyyat Departamentində bölmə rəisi işləyib.

Anar Məmmədovun qayınatası Qulam Ələkbərov hamının bəlkə də az-çox eşitdiyi AQ İnşaatçı Servis MMC-nin sahibidir. Bu MMC-nin adı mənzil qalmaqallarına görə dəfələrlə mətbuatda çəkilib. O, vaxtilə paytaxtın “Gənclik” metrostansiyasının yaxınlığında “Milyonçular məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Z.Məmmədovla tanışlığı da buradan başlayıb. Qulam Ələkbərov nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra eks-nazir tikinti biznesinin idarəçiliyini Qulam Ələkbərova verib və bununla da onlar arasındakı dostluq əlaqələri güclənib.

Eyni zamanda Qulam Ələkbərovun bir neçə icra hakimiyyəti başçıları ilə dostluq münasibətlərində olması barədə yerli mediada məlumatlara rast gəldik. Həmin icra başçılarından biri də bu yaxınlarda yüksək məbləğdə pul mənimsəyən və məhz bu səbəbdən vəzifəsindən azad edilərək həbs edilən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevdir. Qeyd edək ki, bu barədə məlumatı AzToday.az saytı yayıb.

Gənc deputat Anar Məmmədovun Ukrayna Respublikasında geniş biznes şəbəkəsi olduğu da üzə çıxıb. Bir müddət əvvəl jurnalist Cavanşir Həsənli bu barədə məlumat yaymışdı.

Onun sözlərinə görə, deputat qayınatası Qulam Ələkbərovla açdığı şərikli biznes tikinti sektorunda fəaliyyət göstərir:

“Ukraynanın Dnepr şəhərinin mərkəzində, Şmidt küçəsi 15-də “Bakı” adında möhtəşəm görünüşlü bina tikilib. Yaşayış kompleksi 21 mərtəbədən, 301 mənzildən ibarətdir.

Kompleksin tikintisi K.A.S. LTD tərəfindən həyata keçirilib. K.A.S. LTD Azərbaycan, Ukrayna, Türkiyə, Gürcüstan və Monakoda inşaat sektorunda fəaliyyət göstərir.

Ukraynanın şirkət və müəssisələrin vahid reyestr xidmətinin məlumatına görə şirkətin nizamnaməyə kapitalının 30 faizi Milli Məclisin gənc deputatlarından olan MƏMMƏDOV ANAR İLYAZ oğluna məxsusdur.

2005-ci ildə qeydiyyatdan keçmiş şirkətdə Anar Məmmədovun benefisiar olaraq yatırım payı 6 milyon qrivnadır, qalan 70 faiz deputatın qayınatası Qulam Ələkbərovun yaxın adamına məxsusdur. Ukraynada Anar Məmmədovun ailə üzvlərinin adına daha bir neçə şirkət fəaliyyət göstərir.

Jurnalist Səbuhi Abbasov deputat Anar Məmmədov haqqında bir müddət əvvəl maraqlı paylaşım edib.

“Bu deputatı, yəqin ki, tanıyırsınız, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən 2020-ci ildə seçilib. Necə seçilib, onu goranboylular, naftalanlılar çox gözəl bilirlər. Sözüm o deyil, Parlamentin “P”sından xəbəri olmayan bu şəxs surətlə tikinti maqnatına çevrilməkdədir. Və bunları dövlət büdcəsinə qənim kəsilməklə edir. Adamın şəxsən rəhbərlik etdiyi “Amazon” şikəti Qarabağdakı tenderlərə özünü soxuşdura bilib. Ayrı-ayrı şəxslərin texnikalarını işlədir, dövlətdən pulunu alır, sonra texnika sahiblərinə qırıq-salxaq texnikaları təhvil verir, qara qəpik vermədən. Çox yaxın insandan kran sifariş verib, rəsmi müqavilə bağlanıb, aylıq icarə müəyyəb edilib, 4 ay sonra kranı gətirib tullayıblar həyətlərinə, özünə də bir qəpik verməyiblər. Anar Məmmədov özü də qaynatası Qulam kişi ilə “Amazon” şirkətinin ofisində oturur. Bu özbaşınalıqlar birbaşa YAP-dakı islahatları puç edir, yeni kadrlara olan inamı sıfıra endirir. Ən əsası, Ali Baş Komandanın xalq arasındakı nüfuzunu xərcləyir, həm də Qarabağ adı ilə… Dünyadaka baş verən geosiyasi proseslərə baxın, bizim yeni kadrlarımıza baxın. Bunlarnan sizcə hara qədər getmək olar? Qarabağ adı ilə millətin qanını soran kim olursa olsun, xəyanətkardır. Deputatın biznes fəaliyyəti tam başqa mövzudur. Əl-qərəz, məsələ məhkəmədədir. Anar Məmmədovun qanunsuz fəaliyyəti, mülkləri, avtomobilləri, eyni zamanda, qeyd etdiyim özbaşınalığın məhkəmə müstəvisinə daşınması, məhkəmə prosesi: bir sözlə, geniş yazı gəlir…”,- deyə jurnalist qeyd etmişdi.

Haqqında müxtəlif vaxtlarda yerli mediada yayılan məlumatlara Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Anar Məmmədov bir neçə ay əvvəl bunları cəfəngiyat adlandırmışdır. Və bu məlumatların səhv olduğunu qeyd etmişdi.

“Yeni Gündem”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir