Manşet Siyasət

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 12 il keçir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 12 il keçir.

Hərbi sahədə aparılan islahatların nəticəsi olaraq Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Dövlət Xidməti Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə çalışıb.

Xidmət yaradıldığı gündən fəaliyyət istiqamətinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, Xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə nailiyyətlər qazanıb. Ordu quruculuğu prosesinin tərkib hissəsi kimi ölkəmizdə çağırış və səfərbərlik işini tənzimləyən modern mexanizmin formalaşdırılması uğurla həyata keçirilir.

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəyə rəhbərliyi müstəqil Azərbaycanın iqtisadi inkişafı, ordu quruculuğu, islahatların miqyasının genişləndirilməsi və digər strateji önəm daşıyan istiqamətlərdə uğurların qazanılması ilə xarakterizə olunur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasətin, həyata keçirdiyi islahatların nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri gündən günə daha da möhkəmlənib, döyüş qabiliyyətini artırıb.

Prezidentin vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Sərəncamlarının icrasının təmin edilməsi məqsədilə çağırış yaşlı vətəndaşların qanuna müvafiq qaydada çağırışa cəlb edilməsini və xidmət keçmək üçün təyin olunduqları hərbi hissələrə təhvil verilməsini Xidmət uğurla həyata keçirir.

44 günlük Vətən müharibəsi zamanı təsdiq edilmiş plana uyğun olaraq ehtiyatda olan hərbi vəzifəlilərin Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunması, Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi-nəqliyyat vasitələri ilə təmin olunması müvəffəqiyyətlə icra edildi.

Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ciddi addımların atılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməsi zərurətini ortaya qoyub. Korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi təbliğatın gücləndirilməsi və bu kimi halların minimuma endirilməsi məqsədi ilə Xidmət müvafiq tədbirlər həyata keçirib, aşkar olunmuş nöqsanlarla bağlı qəti addımlar atıb və bu istiqamətdə işləri hazırda da davam etdirir.

Ölkəmizdə bu gün yürüdülən siyasətin mərkəzində insan amili mühüm rol oynayır ki, burada da əsas məqsəd vətəndaşlara xidmət, vətəndaş məmnunluğunun təmin edilməsidir. Xidmət rəisinin respublikanın müxtəlif regionlarında keçirdiyi qəbullar zamanı vətəndaşların bir sıra müraciətləri ye­rin­də­ həllini tapır, araşdırılması tələb olunanlar qeydiyyata alınaraq icrası ilə əlaqədar müvafiq tədbirlər görülür.

Gənc nəslin Vətənə sədaqət, milli adət və ənənələrə hörmət, hər an ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə edilməsi işi onların yeniyetməlik dövründən başlayır. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə respublikanın müxtəlif bölgələrində aidiyyəti dövlət qurumları və ictimaiyyət nümayəndələrinin, şəhid ailələri üzvlərinin, müharibə veteranlarının, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə mütəmadi olaraq maarifləndirici görüşlər təşkil edilir.

Dövlət Xidməti hər zaman şəhid ailələrinə, müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşır. Belə ki, xidmətin şəxsi heyətinin komplektləşdirilməsi zamanı bilik və fiziki hazırlığın yoxlanılması prosesini uğurla keçən 21 nəfər Vətən müharibəsi iştirakçısı işə qəbul edilib, Xidmət rəisi onlara xidməti vəsiqələr təqdim edib.

Bu gün Xidmətin hər bir əməkdaşının amalı Vətənə sədaqət, insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir. Sə­fər­bər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da ümummilli liderimiz Heydər Əliyev ide­ya­la­rı­na sadiq qalacaq, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin etimadını doğruldacaq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə hə­ya­ta keçirilməsi üçün var qüvvələri ilə çalışacaqlar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir