“Bakı Tikiş Evi” bağlanma təhlükəsi ilə üz-üzə qalıb – “Müflisləşmə, işçilərin çıxarılması…”
“Bakı Tikiş Evi” (BTE) bağlanma təhlükəsi ilə üz-üzə qalıb.
Bu barədə “Cebhe.info”-ya daxil olan məlumatda deyilir. İddialara görə, aylardır BTE-də satış səviyyəsi aşağıdır. Məktəbli formaları dərs ilinin əvvəlində çox satılmadığından, BTE müflisləşib. Elə bu səbəbdən işçilərin maaşını ödə bilməyən BTE-nin müvəqqəti olaraq bağlana biləcəyi deyilir. Məlumata görə, artıq işçilərin bir çoxu işindən azad edilib.
İddiaların doğru olub-olmadığını öyrənmək üçün “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimovla əlaqə saxladıq.
E.Əzimov “Cebhe.info”-ya açıqlamasında iddiaları təkzib etdi:
“Belə bir şey yoxdur. Satışlarımız əlbəttə, çox deyil. Amma yenə də gəlib alan var. Bütün filiallarımız çalışır. Bu iddiaları yayanlar isə bilirəm kimlərdir. Çin malları satılmayanlar belə bir iddianı ortaya atırlar. 9-10 manata keyfiyyətsiz formaları uşaqlara satırlar. Sonra da BTE-nin məhsullarını bəyənməyib haqqımızda belə cəfəngiyyatı yayırlar. Hər şey qaydasındadır”.
O bildirib ki, hansısa müflisləşmə, işçinin çıxarılması, filillarımızın bağlanması məsələsi yoxdur.