TƏBİB Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
“Zirvə yolu” xəbər verir ki, TƏBİB-dən bildirilib ki, fevralın 12-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsi ilə 4 müraciət, fevralın 13-də isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib.
Qeyd olunub ki, onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb, vəziyyətləri qənaətbəxşdir.
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub.
“Zirvə yolu”nun məlumatına görə, 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il təvəllüdlü İ.Məmmədova, 2020-ci il təvəllüdlü R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədova yedikləri dönərdən zəhərləniblər.
Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Zərərçəkənlər fevralın 13-də Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Mersin” dönər evindən aldıqları dönəri yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.
Zəhərlənən şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.