Dövlət Agentliyinə 320 min manata icarəyə yer verən fiziki şəxs kollec direktorunun oğlu çıxdı – İLGİNC FAKTLAR
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qeyri-yaşayış sahəsinin icarəsi üzrə keçirmiş olduğu açıq tenderin nəticələri bir neçə gündür ki, elektron medianın gündəmini zəbt edib. Hamı dövlət qurumuna 320 min manata icarəyə yer verən Emil Vidadi oğlu Orucovu axtarır. Hamı onun hansısa yüksək çinli bir dövlət məmurunun yaxını olduğunu iddia edir. Həqiqətən də, oturduğu yerdə ildə bu qədər qazanc əldə edən şəxs kimdir?
Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qeyri-yaşayış sahəsinin icarəsi üzrə 19.10.2023-cü il tarixdə başladığı açıq tenderə yekun vurub və fiziki şəxs Emil Vidadi Oğlu Orucovla 320.067 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Elektron medida yayılan məlumatlarda Emil Vidadi oğlu Orucov heç bir məlumatın olmadığı bildirilir.
Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar üzərindən apardığı araşdırmada məlum oldu ki, bu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fiziki şəxs Emil Vidadi oğlu Orucovla bağladığı ilk satınalma müqaviləsi deyil.
Belə ki, Agentlik fiziki şəxs Emil Vidadi oğlu Orucovla icarə xidmətinin satın alınması üzrə 14.11.2020-ci ildə 289.872 manat, 20.12.2022-ci ildə 318.622,07 manat məbləğində satınalma müqavilələri bağlayıb. Göründüyü kimi Dövlət Agentliyi son üç il ərzində icarə xidmətinin satınalmasına 928 561 manat dövlət vəsaiti xərcləyib.
Maraqlı burasıdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tenderin şərtlər toplusunda icarəyə götürülən obyektin ünvanını açıq şəkildə göstərməyib. Halbuki, “Dövlət Satınalmaları Haqqında” Qanuna görə bunlar açıq şəkildə qeyd olunmalıdır. Şərtlər toplusunda satınalan təşkilatın ünvanı 2022- 2024-cü illərdə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət 27, 3-cü mərtəbə, 2020-ci ildə isə Bakı şəhəri, Binəqədi rayonu 6-ci mkr., Mirmahmud Kazımovski küçəsi 134 göstərilir.
Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəsmi portalında Tibbi-Sosial Ekspert Komissiyalarının ayrı ayrı ünvanlarda inzibatı binalarının olduğu göstərilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin inzibatı binası isə Bakı şəhəri, 6-cı mkr-n, Mirmahmud Kazımovski küç. 134 ünvanda yerləşir və ən müasir tibbi avadanlıqlarla tam təchiz olunub.
Buradan suallar yaranır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə son üç il ərzində bir milyon manat civarında icarəyə yer götürməsi hansı zərurətdən yaranıb? İcarəyə götürülən bu bu yerdə Agentlik əhaliyə nə kimi xidmətlər göstərir? Bu icarə obyekti əhaliyə xidmət üçündürsə nə üçün ünvanı göstərilməyib?
Digər sual isə fiziki şəxs Emil Vidadi oğlu Orucovla bağlıdır. Kimdir bir dövlət qurumundan üç il ərzində bir milyon manata yaxın icarə haqqı alan Emil Orucov?
İnternet axtarış sistemləri üzərində əldə etdiyimiz məlumatlarda Emil Vidadi oğlu Orucovun 2018-ci ildə “Milli ərzaq təhlükəsizliyi sisteminin inkişafının iqtisadi aspektləri” mövzusunda Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasının avtoreferatı təqdim olunub. Onun bu elmi adı alıb, almaması, iş yeri barədə əlavə heç bir məlumat yoxdu.
Aktualinfo.org-un əldə etdiyi məlumata görə o, uzun müddətdir təhsil sistemində çalışan, 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru olmuş, 2016-cı ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru vəzifəsində çalışan Vidadi Orucovun oğludur.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında Emil Vidadi oğlu Orucovun fiziki şəxs kimi 08.14. 2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında fiziki şəxs Emil Vidadi oğlu Orucovun hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, RÜSTƏM RÜSTƏMOV, ev 34, mənzil 65 göstərilib.
Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında 25 saylı Nizami II seçki dairəsindəki 29 saylı məntəqənin yerləşdiyi ərazidə, RÜSTƏM RÜSTƏMOV, ev 34 ünvanında Orucov Emil Vidadi oğlunun 1987-ci il təvəllüdlü olduğu göstərilir. Həmin ünvanda, yəni RÜSTƏM RÜSTƏMOV, ev 34-də həm də 1990-cı il təvəllüdlü Orucov Tural Vidadi oğlu və 1956-cı il təvəllüdlü Orucov Vidadi Ömər oğlu da daimi pasport qeydiyyatındadırlar.
Rəsmi dövlət qurumlarının portalından əldə etdiyimiz məlumatlardan da göründüyü kimi Dövlət Agentliyinə son üç il ərzində bir milyon manata yaxın icarəyə yer vermiş fiziki şəxs Emil Vidadi oğlu Orucov dövlət məmuru, Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru, 1956-cı il təvəllüdlü Vidadi Ömər oğlu Orucovun oğludur.
Bəs Vidadi Orucov ünvanı gizlədilən və yaxud da açıqlanmayan belə bir obyekti hansı vəsaitlər hesabına ərsəyə gətirib çıxarıb? Təbii ki, aylıq maaşla bunu heç kim edə bilməz. Yuxarıda vurğuladığımız kimi Vidadi Orucov uzun müddətdir təhsil sistemində çalışır. Elektron medianın iddia etdiyi kimi o qədər də yüksək çinli məmur deyil, sadə bir Kollec direktorudur. Azı 26 ildir kollec direktoru vəzifəsində oturmuş Vidadi Orucovun yığdığı pullar da təbii ki, qanunsuz şagird qəbullarından, imtahanlardan toplanan rüşvət və dövlət vəsaitlərinin mənimsənilməsi hesabına başa gəlib.
Məlumatlara görə Vidadi Orucov uzun müddət sabiq Baş prokuror Zakir Qaralova arxalanaraq tutduğu vəzifələrdə istədiyini edib. Hazırda 68 yaşı olmasına baxmayaraq Vidadi Orucov Sosial-İqtisadi Kollecin direktoru vəzifəsini əldən vermək istəmir. Necə deyərlər, həm icarəyə verdiyi obyektlərdən, həm də dövlət vəsaitlərini talamaqla qazanır. Kim bilir, onun üzdə olmayan və icarəyə verdiyi belə obyektlərin sayı nə qədərdir?
Aktualinfo.org