“Çox təəssüf ki, biznes qurumları, o cümlədən “Azərbaycan Dəmir Yolları” (ADY) üçün yaradılan rahat şəraitdən sui-istifadə olunur. İstehlakçıları aldadırlar, xidmət səviyyəsi lazımi səviyyədə olmur. Güman edirəm ki, ADY-də də bu var. Doğrudur, mənə bu barədə indiyə kimi yazılı şikayət gəlməyib, lakin əminəm, ADY-də də sözügedən problem yaşanır. Əgər ADY-dən mənə konkret şikayət gələrsə, istehlakçıların hüquqularını qorumaq üçün bütün lazımi addımları ataram. Ümumiyyətlə, Azərbaycanda xidmət sahəsində həmişə problem var. Bunun səbəbi ölkədə istehlakçıların hüquqlarının mükəmməl şəkildə qorunmamasıdır. Bu işlə məşğul olan dövlət orqanları istehlakçıları arxa planda qoyub, ancaq biznesin lobbiçiliyini aparırlar. “İstehlakçıların müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul olunub. Həmin ildən bəri qanunda xeyli dəyişikliklər olunmalı idi. Həyat dəyişib, bu qanun isə dəyişmir. Qanunun işləmədiyi bir şəraitdə, əlbəttə, istehlakçı problemi getdikcə artır…”
Bu sözləri Pravda.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, demokratik və müasir liberal cəmiyyətin əsas tezisi “hakimiyyətin mənbəyi xalqdır” tezisidir: “Bu, Konstitusiyanın 1-ci maddəsində yazılıb. Bu maddədən sonra isə biznes qurumları ilə dövlətin sinxron işləməsi məsələsi gəlir. Belə bir şəraitdə tezislər olmalıdır. Liberal, demokratik dövlətin biznes qurumunun əsas şüarı “istehlakçı haqlıdır!” olmalıdır. Demokratik cəmiyyətin birinci siyasi baxışı budur. İkinci bazar baxışı isə mənim dediyimdir…”
E.Hüseynov “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyinin tenderləri öz şirkətlərinə verməsi barədə iddialara da münasibət bildirib: “Ölkədə tender məsələsi də daim problemlidir. Mən iki il Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İctimai Şuranın üzvü oldum. Dəfələrlə Şura üzvlərinə, rəhbərliyə dedim ki, biz AQTA-nın “mətbəxi”nə, yəni orada gedən işlərə, tenderlərinə daxil ola bilməmişik. Heç kimi “mətbəx”ə yaxın qoymurdular. Dedim ki, ölkədə ictimai nəzarət olması ilə bağlı cənab Prezidentin çağırışı varsa, gərək, qurumlar da buna uyğun ictimai nəzarət üçün şərait yaratsınlar. İctimai təşkilat gedib dövlətlə vuruşmayacaq ki. Bir sözlə, AQTA-nın “mətbəxi”nə bizi buraxmadılar. Əminəm ki, Azərbaycan Dəmir Yollarında da vəziyyət elə bu cürdür. Dərman biznesində də tenderlərlə bağlı vəziyyəti öyrəndim. Məlum oldu ki, tenderə nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ayrıca bir şöbəsi var. Onlar effektli işləmirlər. Mən bunu qurumun rəhbərliyinə üzbəüz dedim. Tenderdə elə şərtlər qoyurlar ki, özlərinə lazım olan adam onu uda bilsin. Məsələn, nəsə alınır, bir şirkət qiyməti aşağı verir, əslində, tenderdən də o şirkət keçməlidir. Lakin bunlar vaxt qoyurlar ki, malı neçə günə təhvil verməlisən. Qiyməti aşağı qoyan şirkət yazır ki, malı 30 günə təhvil verəcəyəm. Özlərinə lazım olan adamın şirkəti isə qiyməti yuxarı qoyur və deyir ki, malı 20 günə təhvil verəcəyəm. Götürüb tenderdən öz şirkətlərini keçirirlər, tenderi o udandan sonra isə malın alınması 40 gün çəkir. Tenderin qalibi olandan sonra bu şirkətə nə edə biləcəklər? Heç nə! Artıq pul ayrılıb, qurtarıb gedib. Yəni guya, legitimlik, qanuni şərait yaratmaq üçün belə gülünc “priyom”lardan istifadə olunur. Belə “priyom”lardan az istifadə etsinlər. Bəsdir! Qurtarmaq lazımdır belə işləri…”