Körpələr, 5 yaşın altında olanlar, xüsusən 1 yaşa qədər olan uşaqlar qripi daha ağır keçirir.
“Zirvə yolu” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Həkimin sözlərinə görə, qrip və digər respirator infeksiyalar elə bir virusdur ki, hər kəs yoluxur:
“Əvvəldən hansısa xəstəliklər varsa insanın sağalma müddəti uzanır və sağaldıqdan sonra müəyyən fəsadları qalır. Xroniki bronxit və astma xəstəliyindən əziyyət çəkənlər, siqaret çəkənlər, hamilələr, qaraçiyər xəstəliyi və kökəlməyə meyilli olan şəxslər qripi daha ağır keçirənlər sırasındadır”.
Mütəxəssis qeyd edib ki, qripin özü kəskin respirator xəstəlik olsa da daha ciddidir, vaxtında və doğru şəkildə müalicə olunmazsa arzuolunmaz vəziyyətə gətirib çıxara bilər:
“Qripin özü də kəskin respirator xəstəlik olsa da daha ciddidir. Burada daha çox ağırlaşma halları müşahidə oluna bilir ki, bu isə təhlükəlidir. Qrip vaxtında və doğru şəkildə müalicə olunmazsa arzuolunmaz vəziyyətə gətirib çıxara bilər”.