Baş prokuror Kamran Əliyevin dəvəti ilə Keniya Respublikasının Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
“Zirvə yolu” xəbər verir ki, Baş Prokurorluqdan bildirilib ki, nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində səfərdə olub.
Onlar Birinci Qarabağ Müharibəsi dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anaraq, xatirə abidəsi önünə gül dəstələri düzüblər.
Qonaqlar Azərbaycanda Prezident İlham Əliyev və birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin onlarda böyük təəssürat yaratdığını vurğulayıblar.
Nümayəndə heyəti Qarabağ xanı Pənahəli xanın sarayı və ailə üzvlərinin məzarının yerləşdiyi İmarət kompleksində, Cümə Məscidi və Ağdam Dövlət Dram Teatrında aparılan quruculuq bərpa işləri ilə tanış olublar.
Keniyalı prokurorlar yol boyu yaşayış məntəqələri və tarixi-mədəni abidələrdə erməni vandalizminin izlərinin şahidi olublar.
Səfər çərçivəsində nümayəndə heyəti Bərdə Rayon Prokurorluğunun fəaliyyəti ilə tanış olub.
Keniya nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.