İtaliyalı rəsmilər Mingəçevirdə inşa edilən ən böyük elektrik stansiyasına baxış keçiriblər
Mingəçevir şəhərində inşa edilən yeni elektrik stansiyasına artıq İtaliyanın “Ansaldo Energia” şirkəti tərəfindən istehsal olunan 2 ədəd turbin və 2 ədəd generator gətirilərək yerinə quraşdırılıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə “AzərEnerji” ASC-dən məlumat verilib.
Bildirilib ki, 2 dəsti isə hazırda sifarişə uyğun olaraq İtaliyada yığılır və növbəti mərhələdə Azərbaycana göndəriləcək. O cümlədən stansiyanın qazan utilizatorları da artıq xüsusi texniki vasitələrlə gətirilərək ağır tonnajlı kranlar vasitəsilə yerində quraşdırılır.
Yeni elektrik stansiyada İtaliya istehsalı olan avadanlıqların quraşdırılması işlərinə, texniki vəziyyətinə baxış keçirmək üçün İtalyanın Azərbaycandakı səfiri Klaudio Taffuri və “Ansaldo Energia” şirkətinin prezidenti Fabbrizio Fabrinin rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevirdə olublar. “AzərEnerji”nin rəhbəri Baba Rzayevin iştirakı ilə qonaqlar tikinti ərazisinə, turbin və generatorlara baxış keçiriblər.
Qeyd edək ki, 1280 meqavat gücündə yeni tikilən elektrik stansiyası ölkədə yaradılan bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, enerji istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması, ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir və bu stansiyanın “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 7 və 8-ci bloklarına inteqrasiya edilməsi ilə ümumi güc 1 880 meqavata çatdırılacaq ki, bununla da olduqca əlverişli nəticə əldə ediləcək. Belə ki, yeni tikilən elektrik stansiyasının util qazanlarından çıxan buxar “Azərbaycan” İES-in 7 və 8 saylı buxar turbinlərinə verilərək bu blokların qaz yandırmadan işləməsini təmin edəcək.
Yeni stansiyanın şərti yanacaq sərfiyyatı “Azərbaycan” İES-in digər blokları ilə müqayisədə hər kilovat-saat üçün 120 qram azalmaqla 225 qram təşkil edəcək ki, bununla da illik 1,2 milyard kubmetr təbii qaza qənaət ediləcək. Eyni zamanda elektrik stansiyasının faydalı iş əmsalı 55,5 %-ə yüksələcək, ətraf mühitə atılan karbon qazının miqdarı 1,5 – 2 milyon ton azalacaq. Bütün bunlar isə 2024-cü ili Yaşıl dünya naminə həmrəylik ili elan edən Azərbaycan üçün olduqca vacib amildir.