Əvvəl tez-tez nişan toy xəbərləri alardıq. Yaşı iyirmini keçən oğlan və yaxud qızın valideynləri toy tədarükü görər, qız anaları cehiz tutardı.
Erkən evliliyi dəstəkləmirəm, həmçinin də valideyn zorakılığını.
Hər şey zamanında daha gözəldir.
Böyüdüyüm kənd balaca kənd olsa da, tez-tez şad xəbərlər eşidərdi qulağımız, filankəsin oğlu, qızı nişanlandı. İndi nə oğlanlar evlenmek istəyir, nə qızlar. Ailə olmağa qarşı olan fobia nədən və hardan qaynaqlanır. Oğlanlar, daha doğrusu, kişilər niyə məsuliyyətdən qaçır. 35-40 yaşarası kişilər ortalıqda subay dolanır, sultanlıq etməkdən yorulmurlar.
Qızlarda da həmin vəziyyət hökm sürür. Baxırsan yetərincə yaşı var, lakin “ailə qurmağa hazır deyiləm” düşünür.
Ailə qurmağı qlobal problem edənlər çox vaxt təhsil almaqlarını bəhanə gətirirlər. Təbii ki, təhsil almaq da ailə qurmaq qədər önəmlidir. Xüsusən qızların təhsil alması daha vacibdir. Onlar ailə, övlad tərbiyə edirlər.
Yaşadığımız dövrdə ailə qurmaqdan qaçan qızların 90% -i təhsil alan qızlardır.
Təhsil alıb əlləri çörəyə çatdıqdan sonra ər çörəyinə ehtiyac duymurlar.
Ər qızlarımız üçün subyekt funksiyasını itirib, obyektləşir.
Əvvəllər də yetərincə təhsilli, savadlı xanımlarımız olub. Ancaq eşitməmişəm ki, hansısa təhsilli qız oğlanın qarşısına seçim qoysun ki, əgər ayrı yaşayacamsa, səninlə evlənirəm. Bəli, gənc ailənin sərbəst yaşamağı daha məqsədəuyğundur. Amma olan yerdə.
Sosial platformaları izləyib mükəməlliyətçilik axtarırlar. Estetikli gözəllərdən nəyimiz əksikdir düşüncəsi ilə gənclik illəri arxada qalır. Qızların dünyaya açılan pəncərəsi milli dəyərlərlə, bəşəri qanunlarla ziddiyyət təşkil edir.
Həmçinin oğlanlar da qızlar kimi o qədər estetikli gözəllər görürlər qadına olan maraq sıfıra yaxınlaşır. Kişinin qadına olan tələbatını ödəməsi də çox asan başa gəlir.
Fahişəliyin leqallaşmasını tələb edən adını feminist qoyanlarla eyni cəmiyyətdə yaşayırıqsa, təbii ki, “evlənmək” məsuliyyət daşımaq, arvad nazı, uşaq qayğısı çəkmək lazım olmur.
Evlənmək sözünün kökü “ev” dir. Müasir gənclik ev olmaqdan niyə və hara qaçır.
Bəlkə də, onlar ev olmaqdan deyil, evin maddi-mənəvi məsuliyyətini daşımaqdan qaçırlar.
Məsələyə tibbi baxımdan yanaşdıqda məsələ daha da ciddiləşir. Yaşı 35-40-ı keçən ananın dünyaya gətirdiyi uşaq da əksərən sağlamlıq problemləri ilə gəlir dünyaya.
Eyni zamanda, qoca valideynlərdən həmişə uşaqlar utanır. Sinif yoldaşları babandı, nənəndi, soruşanda uşağın yaşadığı travmanı təsəvvür etmək çətin deyil.
35-36 yaşında təhsili, işi, evi, ailə saxlamağa hər cür imkanı çatan kişi niyə evlənmək istəməsin axı?
Psixoloqlar gənclərin evlənmək istəməməsini və ya gec evlənməsini maddi problemlərlə əlaqələndirirlər. Sosioloqlar isə düzgün sistemləşdirilməmiş iş həyatı ilə.
Kütləvi tənqid edən yaşlı nəslin nümayəndələri evlilikdən yayınma, yaxud gənclərin heç evlənmək istəməməsini Avropaya inteqrasiya ilə əlaqələndirirlər.
Hər sosial şəbəkələrdə qarşımıza çıxan “Ər arvadını baltaladı”, “Arvad ərini zəhərlədi” , “Gəlin qayınananı öldürdü” və s. başlıqlı yazılar da təbii ki, məsələyə təsirsiz ötüşmür.
İnsanlar bir-birinə inamını itirir, eyni damın altında yad adamla yaşamaq vahiməli və qorxunc görünür. Belə gedişatın nəticəsini düşünmək isə daha qorxuncdur…
Elida Muxayeva