Cəmiyyət

Mülk, yoxsa tikinti maqnatları toxunulmazdır? – dilemma…

Paytaxt Bakı dünyanın ən maraqlı, gözəgəlimli, səliqəli şəhərlərindən birinə çevrilməkdədir. Düzdür, yaşıllıqlar artırılmalıdır, tıxac bəlası mövcuddur, həmçinin, atmosfer çirkliliyi mövcuddur. Ancaq bu problemlər təkcə Bakıda deyil, əksər meqapolislərdə rast gəlinən haldır.

Nəzərə alsaq ki, Bakı beynəlxalq tədbirlərə ev sahibliyi edən şəhərlərdəndir, turizm ölkəsinə çevrilmək əsas hədəflərdəndir, o zaman şəhərimizdə infrastruktur yenilənmələri, səliqə-səhman işlərinə daha çox diqqət yetirilməlidir.

Bakının abadlaşmasında tikinti şirkətlərinin də rolu böyükdür.

Təbii, bu, çox iri bir biznesdir. Bütün şirkətlərin əsas hədəfi pul qazanmaqdır. Bu maraqlar səbəbindən tikinti şirkətləri iki ciddi problem yaratmağı sanki ənənəyə çeviriblər.
Birincisi, hündür binalar tikən şirkətlər yaşıllıqlara qənim kəsilir. Problem odur ki, kəsilən, köçürülən ağacların əvəzinə ətrafda yeni yaşıllıq salmırlar. Hər yeri betona, biznes obyektinə döndərirlər.
İkincisi, tikini şirkətləri vətəndaşların mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar, sosial narazılıqlar yaradırlar.
Son 2-3 ildə paytaxtda tikinti bumu yenidən canlanıb. Əladır, yöndəmsiz köhnə məhəllələrin, istismar müddətini başa vurmuş eybəcər “xruşşovka”ların yerində gözoxşayan binalar tikilir.

Ancaq sosial şəbəkələrdə, saytlarda demək olar ki, hər gün vətəndaşların fəryadları ilə rastlaşırıq. İnsanlar bildirir ki, onların razılığı alınmadan, kompensasiya tələbi yerinə yetirilmədən mülklərini başına uçururlar.
Əlbəttə, bəzən sui-istifadə hallarına yol verən, 50 kvadratlıq evinin əvəzində 100 kvadratlıq mənzil istəyənlər də var. Ancaq əksər hallarda vətəndaşların başına müsibətlər gətirən tikinti şirkətləridir.

Çox qəribə bir üsul da tapıblar: kor-təbii şəkildə söküntü işləri aparır, haqlı şəkildə kompensasiya tələb edən, razılığı alınmadan mənzilindən çıxmaq istəməyən vətəndaşın işığını, suyunu, qazını kəsirlər, adını da qoyurlar texnika zədələdi. Hansı ki, vətəndaş kommunal xidmət göstərən qurumlarla bu evdə yaşadığı müddətdə işıq, qaz, su ilə təmin olunmasına dair müqavilə bağlayıb, vaxtı-vaxtında da pulunu ödəyir. Ancaq şirkətlər gəlib dövlət əmlakı olan kommunikasiya xətlərini dağıdanda əksər hallarda müvafiq qurumlar onun cəzalandırılmasını müvafiq hüquq-mühafizə orqanlarından tələb etmirlər. Niyə, nə üçün, sirr deyil…
Hazırda Bakının mərkəzi və ətraf hissələrində tikinti maqnatları onların vətəndaşın başına belə müsibətlər gətirir. Ən pisi odur ki, vətəndaşın mülkiyyət toxunulmazlığı hətta dövlət adından çıxarılmış məhkəmə qətnaməsi olsa belə, icra məmurları tərəfindən təmin edilmir.
Bütün dünyada mülkiyyət toxunulmazlığı, müqəddəsliyi deyilən anlayış var və bu, ali qanunlarda təsbit olunub. Ancaq biz davamlı olaraq onun şahidi oluruq ki, tikinti maqnatları özünü toxunulmaz elan edir, vətəndaşa deyir ki, get nə bilirsən elə. Reallıqda da belə olur ki, vətəndaş illərlə məhkəmələrdə sürünsə də, əlində məhkəmə qərarı olsa da, onu toxunulmaz hesab edilən mülkiyyət hüquqları elə kağız üzərində də qalır.

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin son iclasında bu məsələni parlamentdə də qaldırıb. Söküntülər zamanı sakinlərə uyğun kompensasiya məbləğinin hesablanmaması, eyni zamanda mənzil sahiblərinə kirayə haqqının ödənilməməsi, yaxud ödənişin vaxtında həyata keçirilıməməsi vətəndaşların haqlı narazılığına səbəb olub.
Qüdrət Həsənquliyevin sözlərinə görə, Azərbaycanda müəyyən tikinti şirkətləri var ki, onlar tikintiyə icazə almadan həm söküntü işləri aparır, həm də tikintiyə başlayırlar Və ən pisi: Sitat: “Heç bir dövlət orqanı da onları dayandırmaq gücündə deyil. Bununla bağlı məhkəmə qərarı olmuş olsa da, belə məhkəmə qərarları açıq şəkildə icra olunmur”…
Millət vəkili haqlı sual verib: “Nə təklif edirsiniz, bu problemin həllini siz necə görürsünüz? Biz necə edə bilərik ki, bu vəziyyəti dəyişək və bu cür acımasız şəxslərdən insanları xilas edə bilək ki, onların evləri, əmlakları dağıdılmasın?”…

Bəli, bu məsələ birdəfəlik həllini tapmalıdır. Vətəndaş real bazar qiymətləri ilə mülkünün pulunu almayana qədər, ümumiyyətlə o məhəlləni dağıtmaq yasaqlanmalıdır. Qanunda belədir, reallıqda da əksini tapmalıdır.

İndi vətəndaşların tikinti şirkətindən narazılıqlarının əsas səbəbi kompensasiya ilə bağlıdır. Məsələn, şəhərin mərkəzində vətəndaşın mülkünü sökür və ona bazar qiymətləri ilə deyil, şablon olaraq hər kvadrat metr üçün 1800 manat təklif edir. Vətəndaş bu zaman ondan soruşur ki, özün bu ərazidə tikdiyin binada mənzilin kvadrat metrini neçəyə satırsan? Deyir 3500-4000 manata. Bəs vətəndaşa niyə 1800 manat verirsən?!…

Ədalətsiz təkliflə razılaşmayan vətəndaşın başına isə müsibət gətirir, gecəylə evini uçururlar, deyirlər əcəb elədik. Əksər hallarda heç kim də onları cəzalandırmır…
Bu cür özünü toxunulmaz elan etmiş tikinti maqnatları ciddi cəzalandırılmalıdır. Prezident İlham Əliyev hələ illər öncə bəyan edib ki, ölkədə kimliyindən, keçmişdə hansı xidməti göstərməsindən asılı olmayaraq, kimsə toxunulmaz deyil. Müvafiq orqanlar Prezidentin bu xəbərdarlığına məhəl qoymayanları cəzalandırmalıdır. Korporativ maraqlarını vətəndaşın hüquqlarından, Konstitusiyadan üstün tutmamalıdırlar. Elə etməməlidirlər ki, ədalətsizlik, haqsızlıq ərşə qalxsın və sonda məsələ ilə Prezident özü onsuz da məhdud olan zamanı həm də bu işə ayırsın…(Musavat)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir