“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda “Bayer 04”ün çalışdırıcısı Xabi Alonso ilə görüşüb.
“Zirvə yolu” Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, görüş “Bayer 04” klubunun Bakıya səfərindən qısa müddət sonra komandanın qaldığı “Hilton” hotelində baş tutub.
Qurbanov uzun yol qət etmələrinə baxmayaraq, görüşməyə razılıq verdiyi üçün Alonsoya təşəkkür edib. O, “Bayer 04”ün Bakıya uçuşunun necə keçdiyi ilə maraqlanıb, onları Bundesliqada dəstəklədiklərini qeyd edib. Qurbanov qonağa Azərbaycan, ölkəmizin gözəllikləri, təbiəti, görməli yerləri haqqında məlumat verib, onu gələcəkdə qeyri-rəsmi səfərə dəvət edib.
Alonso səmimi münasibət və ölkəmizdəki xoş qarşılanma üçün minnətdarlığını bildirib. İspaniyalı mütəxəssis də “Qarabağ”ın Azərbaycan Premyer Liqasındakı çıxışını izlədiyini vurğulayıb. Alonso bildirib ki, komandalar arasında dostluq münasibətləri yarandığı üçün həm yenidən Bakıya gəlmək və görüşmək, həm də rəqib olmamaq istəyi olub.
Görüşün sonunda Qurban Qurbanov “Bayer 04″ün baş məşqçisinə xüsusi hazırlanmış əl işi olan ipək Qarabağ xalçası hədiyyə edib. Yekunda mütəxəssislər xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.