Gürcüstan 2024-cü ildə Bakı-Supsa marşrutu üzrə neftin nəqlinin bərpasına ümid bəsləyir.
“Zirvə yolu” xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazir Levan Davitaşvili deyib.
Qeyd edək ki, bu kəmərlə müntəzəm yanacağın tədarükü 2022-ci ildə dayandırılıb.
Nazirin sözlərinə görə, Gürcüstan illik 1 milyon ton tranzit həcminə çatmağı gözləyir: “Neft kəmərinin istifadəsi ilə bağlı Azərbaycan tərəfinin mövqeyi çox vacibdir. Burada biz intensiv dialoq aparırıq, çünki bu kəmər 1999-cu ilin yazından Azərbaycan nefti üçün fəaliyyət göstərir. Hazırda Qazaxıstan neftinin oradan tranziti müzakirə olunur, lakin bu neft başqa növdür. Hesab edirəm ki, indi biz əsas məsələlərdə qərarlıyıq və ümid edirik ki, bu il neft hasilatına başlanacaq. Gələcəkdə bu kəmərlə bir milyon tondan çox neftin nəql olunacağı gözlənilir”.
Azərbaycanın Energetika Nazirliyi də təsdiqləyib ki, Bakı-Supsa marşrutu üzrə neftin nəqlinin bərpası bu il başlaya bilər. Bu neft kəməri ilə illik 5 milyon tona qədər yanacaq nəql edilə bilər.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildən “Çıraq” yatağından yanacağın daşınması üçün Bakı-Supsa neft kəmərindən istifadə edir. 2022-ci ilin yazında nəqliyyat problemlərinə görə bu marşrut üzrə yanacaq tədarükünün dayandırılması qərara alınıb. Hazırda bütün Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə ixrac olunur.
Xatırladaq ki, ötən il Azərbaycan Qazaxıstana Bakı-Supsa kəməri vasitəsi ilə ildə 5 milyon ton Qazaxıstan neftinin nəqlini təklif edib. Bunun “Kaşaqan” yatağından çıxarılan neft olacağı ehtimal olunurdu. 2023-cü ildə Qazaxıstan neftinin BTC marşrutu ilə tədarükü 5,5 dəfə artaraq 1 milyon 392 min tona çatıb.
Qeyd edək ki, Bakı-Supsa boru kəməri Xəzər neftinin Səngəçal terminalından Gürcüstanın Qara dəniz sahilində yerləşən Supsa limanına nəqli üçün nəzərdə tutulmuş boru kəməridir.