Bildiyimiz kimi, UEFA Avropa liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirildi. Təmsilçimiz “Qarabağ” səfərdə “Bayer-Leverkuzen” komandasının qonağı oldu. Bir həftə əvvəl Bakıda bu rəqiblə ilk qarşılaşma 2:2 hesabı ilə başa çatmışdı. Cavab görüşündə “Qarabağ” 1:2 hesabı ilə irəlidə olmasına baxmayaraq son dəqiqələrdə buraxdığı 2 qolla mübarizəni bu mərhələdə dayandırdı. Görüş çox dramatik şəkildə keçdi: futbolçumuza verilən sarı, sonradan qırmızıya çevrilən kart, son saniyələrdə rəqib qapısına təyin olunmayan penalti və s. “Zirveyolu.info” olaraq, bu mövsüm keçirdiyi heç bir oyunda məğlub olmayan Avropa nəhəngi rəqibinə qarşı komandamızın oyunu barədə müxtəlif təbəqədən olan Gəncə şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışdıq. Müsahiblərimizə əsasən 2 sualla müraciət elədik:
1. “Qarabağ”ın və Azərbaycan futbolunun ümumi durumu. Klublarımızın Avropa kuboklarda keçirdiyi oyunlar barədə fikirləriniz.
2. Təmsilçimizin alman klubuna qarşı cavab oyununda verilən qərarların arxasında hər hansı siyasi niyyətin olması ehtimalına münasibətiniz.
Salman İmanlı(Ümid partiyasının Gəncə şəhər təşkilatının sədri): “Əvvəla, bütün Azərbaycan xalqını, futbolsevərləri Qarabağın bu mərhələyə gəlməsi münasibətilə təbrik edirəm. “Qarabağ” son 10 ildə öz oyunu ilə Avropada özündən söz etdirməyi bacarıb. Ümumiyyətlə, ilk dəfə “Neftçi” avrokuboklarda qrup mərhələsində oynamaqla bizləri sevindirmişdisə, ardınca iki dəfə “Qəbələ” bu işin öhdəsindən gəldi. Lakin bu gün Qəbələ çempionatda sonuncu pillədədir, Neftçi əvvəlki gücündə deyil. Lakin “Qarabağ” stabil çıxışını davam etdirir. Bu da o klubda işlərin düzgün qurulmasından, öz müstəqil fəaliyyətini yerinə yetirməsindən və baş məşqçiyə uzunmüddətli şans verilməsi və hər cür şərait yaradılmasından irəli gəlir. Bu cür uğurları gələcəkdə digər komandalarımızın, eləcə də şəhərimizi təmsil edən “Kəpəz” klubunun ifasında da görməyi arzu edirik. Qaldı ki, ikinci sualınıza. İstər siyasi arenada, istərsə də idman meydanlarında ölkəmizə qarşı haqsızlıqların hər zaman şahidi olmuşuq. İdmanı siyasətlə eyniləşdirməməlidirlər. Lakin çox təəsüf ki, bu belə deyil. Elə son 10 ildə Qarabağın Avropada keçirdiyi oyunlarda vurduğu qolların qeydə alınmaması, futbolçularımıza qarşı hakim ədalətsizlikləri buna sübutdur. Dünənki oyunun hakiminə gəldikdə, bizim İngiltərə ilə ömrü 100 ilə dayanan yaxşı münasibətlərimiz var. Qırmızı vərəqə epizodunda qayda pozuntusunun “sonuncu ümid folu” olduğunu düşünmürəm. Güman edirəm ki, zaman keçdikcə bu cür haqsızlıqlar aradan qalxacaq. Ölkəmizin döyüş meydanında, siyasi arenada qazandığı qələbələrin davamı idmanda da gələcək.”
Eldar Aslanlı(politoloq, futbol azarkeşi): “İlk növbədə futbol azarkeşlərini təbrik edirəm. Uzun illərdən bəri “Kəpəz” klubunun azarkeşi olsaq da, “Qarabağ”ın uğurları bizləri sevindirməyə bilməz. Bu cür uğurları digər klublarımızın, eləcə də milli komandamızın ifasında da görmək istəyərdik. Yeri gəlmişkən, saytınız vasitəsilə şəhər rəhbərliyinə, gəncəli iş adamlarına, imkanlı şəxəslərə müraciət edib demək istəyirəm ki, “Kəpəz” komandamız üçün bir araya gəlmək üçün səy göstərsinlər. Ölkə çempionatında və avrokuboklarda şəhərimizin komandasının uğur qazanması üçün əməli fəaliyyətə keçməyin vaxtıdır. Dünənki oyunun idarəçiliyində siyasi motivlərin olmasına gəlincə, onu demək istəyirəm ki, tarix boyu bu cür halların şahidi olmuşuq. Sovetlər dönəmində SSRİ yığması ilə Belçika arasında keçirilən oyunda sovet futbolçularının qolu hesaba alınmadı və rəqibin iki qolu açıq-aşkar ofsayt vəziyyətindən vuruldu. Nəticədə Belçika 4:3 hesabı ilə qalib gəldi. Eləcə də, “Qarabağ”a qarşı verilən bu cür ədalətsiz qərarları görmüşük. İnanıram ki, Azərbaycan idmanı, o cümlədən futbolumuz daha böyük nailiyyətlərə imza atacaq. Biz vaxtilə Gəncədə yerli komandamızın sovetlər birliyinin ən güclü komandalarının məğlub olduğunu görmüşük. Yaxın illərdə şəhərimizin futbol klubunun əvvəlki əzəmətinin qaytaracağına ümid edirik.”
Aqşin Əsgərov: Bölgə müxbiri