Azərbaycan təhsilində kitab vəsaiti PROBLEMİ: – “Dərsliklər ali məktəbə hazırlıq üçün predmet deyil, məktəblini…”
“Məktəb dərsliyinin ən ciddi problemi onun şagirdin şüur və bilik səviyyəsinə uyğun olmamasıdır”.
Bu fikirləri məktəb dərsliklərinin durumu və yol verilən nöqsanlar barədə danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün dərsliklərin dilində akademik yüklənmə, üslub qəlizliyi nəzərəçarpan dərəcədədir:
“Məktəb dərslikləri ilə bağlı məsələlərə zaman-zaman təhsil ekspertləri olaraq münasibət bildirmişik. Lakin biz dərsliklərlə bağlı problemlərdən danışarkən əsas meyarlardan bəhs etmirik. Yəni “aysberq”in görünməyən tərəflərini kölgədə qoyuruq. Məsələn, tarix dərsliyində xronoloji xətanın olmaması, şəklin yanlış verilməməsi, riyaziyyat fənnində hər hansı düsturun əksikliyi kimi səhvlərin olmaması arzuolunandır. Təbii ki, bunlar texniki xətalardır.
Digəri isə dərsliyin mahiyyət və məzmun cəhətdən olan xətalardır. Dərsliyin dilinin ağırlığı, üslubunun qəlizliyi, akademizmin həddindən artıq yüklənməsi onun məzmun cəhətdən ciddi nöqsanıdır. Dərslik şəxsiyyətyönümlü predmet rolunu oynamalıdır. Bu gün dərslikdə öz əksini tapan mövzular kurikulumun funksiyalarına, məzmun xətlərinə uyğun gəlməlidir.
Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin tabeliyində Dərsliklərin Monitorinq Mərkəzi mövcuddur. Bu iki mərkəz öz səylərini birləşdirməli, ortaq mexanizm cızmalıdır. Təhsil İnustitutunda bu məsələlərlə məşğul olan müvafiq şöbə də var. Lakin dərsliklərin qiymətləndirilməsi və onun nəticələrinin çıxarılması beş ildən bir həyata keçirilən prosedurdur. Bu prosedurdan çıxmaq hələ ki mümkün deyil. Dərsliklər həddindən artıq sərt tələblər əsasında hazırlanmalı və qəbul edilməldir.
Bu gün dərsliklərin dilində akademik yüklənmə, üslub qəlizliyi nəzərəçarpan dərəcədədir. Bu məsələlərdən bəhs etmək yerinə, Azərbaycan dili dərsliyində hər hansı vulqar ifadə işləndiyini görən zaman bu məsələni qabardırıq. Məktəb dərsliyinin ən ciddi problemi onun şagirdin şüur və bilik səviyyəsinə uyğun olmamasıdır. Şagird şəxsiyyət olmaq yolunda addımlayan bir fərddir. Məktəb onu bu istiqamətdə yetişdirməlidir. Dərsliklər ali məktəbə hazırlıq üçün predmet deyil, məktəblini şəxsiyyət kimi formalaşdıran vasitədir. Fikrimcə, dərsliklərə yanaşma dəyişilməli, onun hansı dərəcədə strateji alət olduğu şagird, müəllim, valideyn, ən əsası bu dərsliyi hazırlayan şəxslərə də mahiyyət etibarı ilə anlaşılan olmalıdır”.