Cəmiyyət

Elm və Təhsil Nazirliyinin ŞÜBHƏLİ qrant müsabiqəsi – Pullar paylanıb, ancaq…

Bəlli olduğu kimi, Elm və Təhsil Nazirliyi ötən ilin dekabr ayında “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlayıb. Müsabiqə nəticəsində 17 təşkilatın layihəsi qalib elan edilib. Müsabiqənin nəticələri açıqlandıqdan sonra qalib layihələr sosial şəbəkələrdə, mediada ciddi müzakirələrə və tənqidlərə səbəb oldu.

Məsələn, dosent, təhsil eksperti İlham Əhmədov “Paralel” qəzetindəki yazısında Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsinə belə münasibət bildirib: ETN-nin QHT-lər üçün Qrant müsabiqəsinin nəticələri dərc edilib. Nəticələrlə tanışlıq göstərir ki, “davam edir dosta güzəşt, daha rahat, daha sərbəst”.

Xatırladaq ki, nazirliyin qrant müsabiqəsinin nəticələrini elan etməsinin üzərindən artıq 3 ay zaman keçir. Məntiqlə artıq həmin layihələrin icrasına start verilməlidir.

Təhsil sahəsindəki prosesləri daim diqqət mərkəzində saxlayan Editor.az Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsində qalib layihələrin icra vəziyyətini öyrənmək üçün kiçik bir araşdırma aparıb. Əməkdaşlarımız müasir dünyanın açıq mənbə kimi qəbul etdiyi “Google” beynəlxalq axtarış şəbəkəsi üzərində müsabiqədə qalib layihələrin adlarını axtarışa verib.

Nəticə isə həqiqətən ürəkağrıdıcı və düşündürücüdür: Bütün yerli və beynəlxalq qrant layihələrinin icrası zamanı QHT-lər üzərinə layihənin icrası müddətində şəffaflıq və hesabatlılığın əsas meyarı kimi media ilə əməkdaşlığı öhdəlik kimi götürür. Yəni, layihənin icrası müddətində QHT layihənin gedişi ilə bağlı həm donor təşkilata, həm də mediaya mütəmadi məlumat verməli, cəmiyyəti layihənin gedişi ilə bağlı məlumatlandırmalıdır. Bu həm də layihənin ideyası və cəmiyyətə vermək istədiyi mesajın təbliği baxımından son dərəcə vacibdir.

Ancaq, təəssüf ki, 3 ay keçməsinə baxmayaraq, Elm və Təhsil Nazirliyinin dövlət büdcəsi hesabına maliyyələşdirdiyi bu layihələrin 4-ü istisna olmaqla(epizodik), 13-ü haqqında internet şəbəkəsində, mediada hər hansı məlumata rast gəlmək mümkün deyil. Yəni, ictimaiyyət, media yüksək məbləğlər ayrılan bu layihələrin ümumiyyətlə icra olunub-olunmadığından belə əmin deyil…

Elə isə “təhsildə güzəşt vətənə xəyanətdir” deyənlərə sual edirik: Formallıq naminə və ya bir çox mənbələrin iddia etdiyi kimi hansısa maddi maraq qarşılığında dövlət büdcəsini bu şəkildə istifadə etməyin adı nədir?

Qeyd edək ki, müsabiqənin qalibi olan təşkilatlarım bir çoxu xüsusi diqqət çəkir.

Nazirliyin 45 min manat vəsait ayırdığı Azәrbaycan Gәnc Müәllimlәr Assosiasiyası İctimai Birliyi və “Bir könüllü” Tәlәbәlәrin Әmәkdaşlığı İctimai Birliyi Elm və Təhsil nazirliyinin rəsmi QHT qolu hesab edilə bilər. Bu İctimai Birliklərin nazirliyin Aparat rəhbəri Mətin Kərimlinin nəzarətində olduğu deyilir.

27 min manat qrant alan “Müasir Azәrbaycan Psixoloqları” İctimai Birliyinin sədri deputat, Milli Məclisin EIm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyevdir. Görünür, nazirlik rəsmiləri xüsusi fənd işlədərək onlar üzərində ictimai nəzarəti həyata keçirməli olan parlamentin Elm və Təhsil komitəsini bu şəkildə zərərsizləşdiriblər.

Elm və Təhsil Nazirliyinin ŞÜBHƏLİ qrant müsabiqəsi

Qalib təşkilatlardan biri də özünü sosial şəbəkələrdə feminist qrup kimi tanıdan “Yuva” Humanitar Mәrkәzi İctimai Birliyidir. Birliyin sədri Rəna Tahirova beynəlxalq təşkilatlara və nazirliyin İctimai Şurasının müxtəlif üzvlərinə yaxınlığı ilə seçilir.

29 min manat qrant hədiyyə edilən Azәrbaycan Gәnc Alim, Doktorant vә Magistrlar Cәmiyyәti İctimai Birliyinin sədri İlqar Orucov Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın üzvüdür.

15 min manat qrant alan Gәncә Regional Qadın Mәrkәzi İctimai Birliyinin sədri isə Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın üzvü, keçmiş məmur Məleykə Əlizadədir.

Belə yerdə nazirlik yanında İctimai Şura üzvlərinin qurumun fəaliyyətinə necə ictimai nəzarəti həyata keçirəcəkləri ciddi sual doğurmaya bilmir.

20 min qrant verilən “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” İctimai Birliyinin sədri keçmiş prezidentliyə namizəd, uzun illər müxalif partiya liderlərindən olan Fuad Əliyevdir. Onun təhsillə yaxından-uzaqdan əlaqəsi ilə bağlı hər hansı məlumata rast gəlmək mümkün deyil.

20 min manat qrant alan “Ümidli gәlәcәk” Sosial Tәşәbbüslәr İctimai Birliyinin fəaliyyəti haqqında mediada çox sayda məlumata rast gəlmək mümkün deyil. Birliyə faktiki olaraq, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini Nabil Seyidovun rəhbərlik etdiyi bildirilir.

18 min manat qrant alan Azәrbaycan Skautlar Assosiasiyası İctimai Birliyinin isə uzun illər Gənclər və İdman nazirinin müavini işləmiş, adı mediada qalmaqallarda və FETÖ ilə əlaqədə hallanan, hazırda “İçərişəhər” Qoruğu İdarəsində Aparat rəhbəri kimi çalışan İntiqam Babayev tərəfindən himayə edildiyi iddia olunur.

Nazirlikdən 30 min manat qrant alan “Worldskills Azerbaijan Association” İctimai Birliyi ilə bağlı isə internetdə açıq mənbələrdə ümumiyyətlə, heç bir məlumata rast gəlmək mümkün olmadı. Bu qurumun hansı fəaliyyət istiqamətləri ilə məşğul olduğu, təhsil sahəsinə nə qədər aid olduğu sirr kimi qorunur.

Editor.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir