Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.
“Zirvə yolu” bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, təmir-tikinti işləri zamanı küçə və yollarda zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunacaq, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılacaq.