Azərbaycanda ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək.
“Zirvə yolu”nun məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İpoteka haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişiklə ipotekaya xitam verilən hallar genişlənir.
Qeyd edək ki, hazırda ipotekaya aşağıdakı hallarda xitam verilir:
– ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;
– əsas öhdəliyə xitam verildikdə;
– tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;
– ipoteka predmeti məhv olduqda;
– bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
Bu Qanunda nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.
Qeyd edək ki, ötən il Azərbaycanda verilən ipoteka kreditlərinin sayında 1,8 % artım qeydə alınıb. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları 5,6 min ipoteka krediti verib ki, bunun da 3,9 mini adi, 1,7 mini isə güzəştli ipoteka krediti olub.