Lerik rayonu, Ləkər kənd sakini Hüseynov Aydın Mirzə oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Lənkəran Əlillərin Bərpa Mərkəzindən narazılığını bildirir:
“Mən, Hüseynov Aydın Mirzə oğlu, yazaraq diqqətinizə çatdırıram ki, 2 ayağım və sol qolumun barmaqları yoxdur, 1-ci qrup əliləm.
Mart ayının 18-də müalicə məqsədilə Lənkəran Əlillərin Bərpa Mərkəzinə getdim. 1 gün orada qalmağıma icazə verdilər. Sabahısı gün məni ordan qovmaqdan beter etdilər. Adını da qoydular ki, sən otaqda siqaret çəkmisən və otağa su dağıtmısan.
Baxıma möhtac xəstəyəm. Oradakı xəstə baxıcıları – Dilruba və Fəridə xanım İqbal bəyə yalan məlumat verərək, məni mərkəzdən çıxartdılar. Dilruba xanım xadimədir, Fəridə xanım isə tibb bacısıdır.
İqbal bəy heç məndən soruşmadı kı, problem nədir?
Onu da qeyd edim ki, mənim kimi bir çox əlillərə qarşı bu hərəkəti edirlər. Əlbəttə, mən başa düşürəm, bizə baxmaq, qulluğumuzda dayanmaq çətindir, amma bu qədər də insafsızlıq olmaz.
Həmin gündən şəkərim və təzyiqim aşağı düşmür. 350 manatdan çox iynə-dərmana pul vermişəm. Hələ də sağala bilmirəm. Dövlətimdən xahiş edirəm, belə mərkəzlərə insaflı rəhbərlər verin, bizim onlara cavab vərəsi nə canımız, nə də qanımız var. Mən digər adamlar kimi onlara pul verə bilmədim deyə, başıma bu oyunu açdılar”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Vətəndaşın müraciətinin araşdırılacağı bildirildi.