Astarada baş verən qəzada bir ailənin 3 üzvü avtomobildə yanaraq ölüb.
Dəhşətli qəza axşam saatlarında Ələt-Astara-İran sərhədi avtomobil yolunun 201-ci kilometrliyində, Astara rayonunun Ərçivan kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı Rusiya vətəndaşı 56 yaşlı Maqammədəmin Abdullaşa məxsus iritonnajlı yük avtomobili yol kənarında hərəkətsiz olub. Astara rayonunun Şiyəkəran kənd sakini 31 yaşlı Elman Mirzəmməd oğlu Əliyevin idarə etdiyi BMW markalı 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək iritonnajlı avtomobilin altına girib.
Zərbənin təsirindən avtomobil alışaraq yanıb. Qəza nəticəsində sürücü və onun həyat yoldaşı 22 yaşlı Fərqanə İlham qızı Əliyeva, eləcə də onların 3 yaşlı uşaqları Gülxanım Elman qızı Əliyeva avtomobildə yanaraq ölüblər.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Astara rayon yanğından mühafizə xidmətinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi, nazirliyin Cənub regional mərkəzinin xilasetmə qurumunun iki briqadası cəlb olunub.
Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. (Azərtac)
21:17
Astara rayonunda dəhşətli yol qəzası olub.
Hadisə axşam saatlarında Ələt-Astara magistralının Astara rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “BMW” markalı minik avtomobili iri tonnajlı “DAF” markalı yük avtomobilinın altına girib. “BMW” markalı minik avtomobilində ölənlər var. Hazırda onlar yük avtomobilinin altından çıxarılır.
Faktla bağlı araşdırma aparılır.