“Bank Respublika” 2008-ci ildə qoyulan əmanətimi qaytarmır, deyirlər, pul batıb – ŞİKAYƏT
Bakı şəhər sakini, tanınmış rəssam-fotoqraf, vaxtilə mərhum Prezident Heydər Əliyevin fotoqrafı işləmiş Tahir Cəfərov “Bank Respublika”dan şikayətçidir.
AFN.az xəbər verir ki, o, sosial şəbəkədə yayılan videomüraciətində bir neçə il əvvəl adıçəkilən banka pul qoyduğunu, lakin indi həmin pulu çıxara bilmədiyini deyib: “2008-ci ildə 5 min manat əmanət qoymuşam “Respublika Bank”a. 16 il keçib üstündən, götürmək istəyirəm, mənə deyirlər ki, pul batıb gedib”.
Maraqlıdır ki, şikayətçi T.Cəfərov 2008-ci ildən bəri bankda olan əmanətinin faizini də almayıb. Üstəlik, özünün dediyinə görə, Mərkəzi Bankda da T.Cəfərova əmanətinin batdığı deyilib. “Respublika Bank”ın baş ofisində isə şikayətçiyə verilən əmanət kitabçasını əlindən almaq istəyiblər: “Əvvəl məni başqa-başqa banklara yönəltmək istədilər ki, get ordan al. Dedim mən bura qoymuşam pulu, ordan niyə istəyim?!”
“Bank Respublika”dan səsləndirilən iddialarla bağlı mövqe bildirilmədi. Qeyd edildi ki, “Bank sirri haqqında” qanuna əsasən müştəri barədə məlumatların verilməsi doğru olmaz.