Cəmiyyət Manşet

Mədəniyyət Nazirliyi dəstək üçün “Baku Media Mərkəzi”nə 1,3 milyon ayırdı – DETALLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi “Baku Media Mərkəzi” MMC (VÖEN – 1402552521) ilə 2 satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə Kino Agentliyi “Baku Media Mərkəzi” MMC tərəfindən çəkilən “Ölüm axtaran qadın” tammetrajlı sənədli filmi üçün 285 min manat, “Borc” tammetrajlı bədii filmi üçün isə 1 milyon manat vəsait ödəyəcək.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Onu da qeyd edək ki, Kino Agentliyi maliyyə vəsaitini ötən il keçirdiyi film layihələri müsabiqəsinə əsasən ayırıb.
Mədəniyyət Nazirliyindən bildirilib ki, müsabiqənin məqsədi ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsidir.
Müsabiqənin nəticəsinə görə Kino Agentliyi ümumilikdə 11 layihə və 16 tələbə filmi layihəsini maliyyələşdircək. Bu layihələrindən 2-si “Bakı Media Mərkəzi” MMC-yə məxsus olub.
Məlumat üçün onu da bildirək ki, Dövlət Vergilər Xidmətinin reyester məlumatlarında “Bakı Media Mərkəzi” MMC barədə məlumatlar ictimaiyyət üçün açıq deyil.

Paylaş: